Deputat hökumətə xəbərdarlıq etdi: Yeni qayda kənd təsərrüfatına zərbə vura bilər

 11:37 18.11.2026     50

"Azərbaycanda 2024-cü il ərzində verilən subsidiyalar çərçivəsində 386 minə yaxın fermerə kənd təsərrüfatı subsidiyaları ödənilib. Lakin torpaq sahələrinə sahib olan insanların sayı 600 mindən çoxdur. Vergi öhdəliyinin yaranmasının əsas səbəbi uçot məsələsi ilə bağlı olduğundan, burada bir sıra maraqlı məqamlar ortaya çıxır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Məşhur Məmmədov bildirdi.

O qeyd etdi ki, əvvəlcədən nəzərdə tutulan plana əsasən, hər bir fermerdən ildə 40 manat vəsaitin cəlb olunması nəzərdə tutulur:

"Əvvəlcədən nəzərdə tutulan plana görə, əgər 384 min nəfəri fermer kimi götürsək, hər bir fermerdən ildə 40 manat vəsaitin cəlb olunması nəzərdə tutulur. Lakin kənd təsərrüfatı ilə məşğul olan hər hansı bir obyektin mühasibat uçotunun aparılması üçün ayrıca işçiyə ehtiyac yaranır. Azərbaycanda minimum əməkhaqqı bu ildən 400-450 manat olarsa, orta hesabla bu sahədə çalışan mühasibat işçisinin əməkhaqqı daha yüksək ola bilər. Xarici ölkələrdə isə bu məbləğ minimum 5500-7500 manat arasında dəyişə bilər.

Beləliklə, 40 manatlıq ödənişin müqabilində kənd təsərrüfatı ilə məşğul olan fermerlər dəfələrlə artıq əlavə xərc çəkməli olacaqlar. Əgər bu 386 min fermerin hər birini nəzərə alsaq, onların hamısının mühasibat uçotu üçün əlavə vəsait xərcləməsi ciddi maliyyə yükü yaradacaq. Hətta regionlarda bu sahədə mütəxəssis tapmaq da çətin olacaq".

Deputat qəbul ediləcək qanunun fermerlər üçün yarada biləcəyi çətinliklərə də diqqət çəkdi:

"Bəzən qanunlar qəbul edirik, lakin onların gələcəkdə praktik olaraq həyata keçirilməsinin mümkün olmadığını da nəzərə almalıyıq. Mənə elə gəlir ki, burada qanunvericilərin də diqqət yetirməli olduğu əsas məsələ budur: 16 milyon manatlıq büdcə vəsaiti əvəzinə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə vəsait xərcləməsi kənd təsərrüfatı məhsullarının bahalaşmasına, eləcə də aqrar sahədə çalışan insanların əlavə problemlərlə üzləşməsinə səbəb ola bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən