Kiçik sahibkarlara 5 illik vergi güzəşti təklif olunur - Aydın Hüseynov
"Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir. Dövlət məhz bu gəlirlər hesabına sosial proqramları, təhsili, səhiyyəni, müdafiəni və digər mühüm sahələri maliyyələşdirir. Ancaq vergilərin mahiyyəti yalnız büdcəyə vəsait toplamaqdan ibarət deyil".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Hüseynov bildirdi.
Onun sözlərinə görə, vergilər həm də iqtisadi inkişafı tənzimləyən, sahibkarlığı dəstəkləyən və investisiyaları stimullaşdıran mühüm vasitədir. Başqa sözlə, düzgün vergi siyasəti həm büdcə gəlirlərinin artmasına, həm də iqtisadiyyatın inkişafına xidmət etməlidir.
"İqtisadiyyat daim dəyişir. Yeni istehsal sahələri yaranır, xidmət sektoru genişlənir, beynəlxalq rəqabət güclənir. Ona görə də vergi sistemi bu proseslərə uyğun olaraq daim təkmilləşdirilməlidir. Bu baxımdan təqdim olunan qanun layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə 67 istiqaməti və 4 əsas bloku əhatə edir. Əsas məqsəd biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, vergi bazasının genişləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsidir. Hesab edirəm ki, burada ən vacib məsələ dövlətin maliyyə maraqları ilə sahibkarlığın inkişafı arasında düzgün tarazlığın yaradılmasıdır.
Mən xüsusilə qanun layihəsinin sahibkarlığın inkişafına yönəlmiş müddəaları üzərində dayanmaq istəyirəm. Birinci mühüm yenilik mikro sahibkarların böyüməsinin stimullaşdırılmasıdır. Məlumdur ki, kiçik müəssisələr böyüdükcə onların vergi öhdəlikləri də dəyişir. Bəzən bu, sahibkarın fəaliyyətini genişləndirmək imkanlarını məhdudlaşdırır. Yeni layihədə mikro sahibkar daha yüksək kateqoriyaya keçdikdə əvvəlki hesabat ilində ödədiyi vergilərin sonrakı vergi öhdəliklərindən çıxılması təklif olunur. Bu, çox mühüm iqtisadi yanaşmadır. Çünki sahibkarın böyüməsinə əlavə stimul yaradır".
Deputat kiçik sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştlərinin onların maliyyə imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini də vurğuladı:
"Bu o deməkdir ki, sahibkarın sərəncamında əlavə maliyyə vəsaiti qala bilər. Həmin vəsait yeni avadanlıqların alınmasına, istehsalın genişləndirilməsinə və əlavə iş yerlərinin yaradılmasına yönəldilə bilər.
Üçüncü və xüsusilə vacib yenilik ixracın stimullaşdırılmasıdır. Layihədə ölkəmizdə istehsal edilərək ixrac olunan mallar və müəyyən xidmətlər üzrə gəlir və mənfəət vergisinə 5 il müddətinə, maksimum 25 faiz həcmində güzəşt təklif edilir. Burada güzəştin həcmi ixracın müəssisənin ümumi gəlirindəki payından asılı olacaq. Bu, sahibkarları yalnız daxili bazar üçün deyil, xarici bazarlar üçün də məhsul istehsal etməyə həvəsləndirə bilər. Nəticədə qeyri-neft ixracının artması, ölkəyə əlavə valyuta daxilolmaları və yerli məhsulların beynəlxalq bazarlarda rəqabət imkanlarının genişlənməsi üçün şərait yaranacaq".
Aydın Hüseynov bu dəyişikliklərin Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı baxımından da əhəmiyyət daşıdığını qeyd etdi:
"Məlumdur ki, həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Sənaye parkları, istehsal müəssisələri və yeni iqtisadi infrastruktur formalaşdırılır. Xüsusilə Ağdam Sənaye Parkında və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasında fəaliyyət göstərən, yaxud gələcəkdə fəaliyyətə başlayacaq müəssisələr üçün ümumi vergi qanunvericiliyində nəzərdə tutulan təşviq mexanizmləri də əhəmiyyətli ola bilər.
Məsələn, həmin ərazilərdə istehsal olunan məhsulların xarici bazarlara çıxarılması zamanı ixrac güzəştlərindən qanunun şərtləri daxilində istifadə etmək mümkün olacaq. Bu isə həmin ərazilərdə istehsalın genişlənməsinə, özəl investisiyaların artmasına və yeni iş yerlərinin yaradılmasına əlavə stimul verə bilər. Yəni Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə yanaşı, dayanıqlı iqtisadi fəaliyyətin və ixrac potensialının formalaşması da xüsusi əhəmiyyət daşıyır".
Deputat vergi güzəştlərinin nəticələrinin mütəmadi qiymətləndirilməsinin vacibliyini də diqqətə çatdırdı:
"Hesab edirəm ki, təqdim olunan dəyişikliklərin əsas iqtisadi mahiyyəti sahibkarlığın inkişafına, investisiyaların artmasına və qeyri-neft sektorunun genişlənməsinə daha əlverişli şərait yaratmaqdır. Tətbiq edilən vergi güzəştlərinin nəticələri mütəmadi qiymətləndirilməlidir. Yəni müəyyənləşdirilməlidir ki, bu güzəştlər hesabına nə qədər investisiya qoyulub, neçə yeni iş yeri yaradılıb, istehsal və ixrac nə qədər artıb. Çünki vergi siyasətinin səmərəliliyi yalnız büdcəyə daxil olan vəsaitlə deyil, iqtisadi inkişaf üçün yaratdığı imkanlarla da ölçülməlidir. Güclü sahibkarlıq güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə dayanıqlı dövlət büdcəsi deməkdir".
NURİYYƏ













