“Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir?” - Rəşad Mahmudovdan ETİRAZ
"Son dövrlərdə müxtəlif sahələr üzrə vergi güzəştlərinin artırılması ilə bağlı təklifləri tez-tez eşidirik. Əlbəttə, sahibkarlığın inkişafı, investisiyaların stimullaşdırılması və iqtisadi fəallığın artırılması üçün müəyyən vergi güzəştləri vacibdir. Lakin unutmamalıyıq ki, vergi yalnız dövlətin vətəndaşdan və ya sahibkardan topladığı vəsait deyil. Vergi dövlətin mövcudluğunun, təhlükəsizliyinin, iqtisadi və sosial inkişafının, təhsilin, səhiyyənin və digər ictimai xidmətlərin davamlılığını təmin edən əsas mexanizmlərdən biridir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov bildirdi.
O, məşhur amerikalı hüquqşünas Oliver Vendell Holmsun vergiləri "sivil cəmiyyət üçün ödədiyimiz qiymət" adlandırdığını nəzərə çatdırdı:
"Hesab edirəm ki, əsas məsələ vergi güzəştlərinin çoxluğu deyil, onların nə dərəcədə ədalətli və məqsədyönlü tətbiq olunmasıdır. Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir. Vergidə ədalət hər kəsdən eyni məbləğin alınması deyil, eyni iqtisadi şəraitdə fəaliyyət göstərənlərə eyni prinsiplərin tətbiq olunmasıdır. Bir müəssisəyə verilən üstünlük digərinin rəqabət imkanlarını əsassız şəkildə məhdudlaşdırmamalıdır.
Bu məsələyə xüsusilə ölkəmizdə son illərdə həyata keçirilən səhiyyə islahatları kontekstində diqqət yetirməyi vacib hesab edirəm. İcbari tibbi sığortanın tətbiqi, səhiyyənin maliyyələşdirilməsinin genişləndirilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması dövlətimizin bu sahədə həyata keçirdiyi mühüm islahatlardır. Lakin bu inkişafın davamlılığı üçün səhiyyə müəssisələrinin fəaliyyət göstərdiyi iqtisadi və hüquqi mühitin də vahid və ədalətli prinsiplərə əsaslanması vacibdir".
Deputat dövlət və özəl tibb müəssisələri arasında vergi və sosial ödəniş rejimlərindəki fərqlərə diqqət çəkdi:
"Bu gün Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları, tibb universitetlərinin klinikaları, digər dövlət xəstəxanaları və özəl tibb müəssisələri mahiyyət etibarilə eyni məqsədə – insan sağlamlığının qorunmasına xidmət edirlər. Bununla belə, onların vergi və sosial ödəniş rejimlərində tabelik, mülkiyyət forması və təşkilati-hüquqi statusdan irəli gələn ciddi fərqlər mövcuddur.
Müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının 8 min manatadək olan hissəsinə münasibətdə müəyyən edilmiş xüsusi vergitutma mexanizmləri və ayrı-ayrı müəssisələrə tətbiq olunan fərqli yanaşmalar səhiyyə sahəsində də müəyyən uyğunsuzluqlar yaradıb. Nəticədə eyni ixtisasa və peşə məsuliyyətinə malik, eyni tibbi xidməti göstərən həkimlərin vergi və sosial ödəniş yükü yalnız çalışdıqları müəssisənin statusuna görə fərqlənə bilir. Bu isə sağlam rəqabətə, kadrların bölgüsünə və bütövlükdə səhiyyə sisteminin inkişafına təsirsiz ötüşmür.
Burada məqsəd hansısa müəssisəyə verilmiş güzəştin ləğvi deyil, bütün səhiyyə müəssisələrinə vahid səhiyyə sisteminin iştirakçıları kimi yanaşılması və ədalətli prinsiplərin formalaşdırılmasıdır".
Rəşad Mahmudov, həmçinin, səhiyyə müəssisələrinin fəaliyyət xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğuladı:
"Əlbəttə, elmi-tədqiqat, tədris fəaliyyəti və sosial öhdəliklər kimi obyektiv fərqlər nəzərə alınmalıdır. Lakin bu fərqlər eyni tibbi fəaliyyətlə məşğul olan müəssisələr arasında əsassız rəqabət bərabərsizliyinə səbəb olmamalıdır. Sevindirici haldır ki, son illərdə dövlətimizin həyata keçirdiyi ardıcıl iqtisadi və sosial islahatlar, xüsusilə səhiyyəyə ayrılan diqqət və maliyyə imkanlarının genişləndirilməsi bu sahənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
İnanıram ki, həmin islahatların davamı olaraq vergi siyasətində də mövcud fərqlərin mərhələli şəkildə aradan qaldırılması, daha şəffaf və ədalətli mexanizmlərin formalaşdırılması mümkün olacaq. Çünki bizim hamımızın məqsədi eynidir: güclü dövlət, dayanıqlı iqtisadiyyat, inkişaf edən səhiyyə və vətəndaşlarımızın daha keyfiyyətli tibbi xidmətə çıxışı. Dövlətin güclü olması üçün vergi, iqtisadiyyatın güclü olması üçün sahibkarlıq, hər ikisinin davamlı inkişafı üçün isə ədalət lazımdır. Əminəm ki, ölkəmizdə həyata keçirilən islahatların əsasını təşkil edən inkişaf və sosial ədalət prinsipləri vergi siyasətinin təkmilləşdirilməsində də öz əksini daha geniş şəkildə tapacaq və bu, həm dövlətimizin, həm sahibkarlarımızın, həm də bütövlükdə cəmiyyətimizin qazancı olacaq".
NURİYYƏ













