"QHT-lərin fəaliyyətinin müəyyən dərəcədə yenidən təşkilinə ehtiyac var"
"Qeyri-hökumət təşkilatlarının fəaliyyəti dövlətlə vətəndaş cəmiyyəti arasında etibarlı körpünün yaradılmasından ibarətdir. Dövlətin ictimai nəzarət mexanizmlərindən biri kimi çıxış edən qeyri-hökumət təşkilatları üçün bu baxımdan yeni imkanların yaradıldığını düşünürəm. Ən əsas məsələlərdən biri də artıq bu sahədə ixtisaslaşmanın başlanmasıdır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının ideoloji, maarifləndirmə və ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış xidmətlər göstərməsi, eləcə də cəmiyyətin ictimai şüurunun vahid məqsədlər ətrafında birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Hesab edirəm ki, bu qanun layihəsi dövrümüz üçün olduqca vacib məsələlərdən birinə toxunur. İkinci məsələ sosial təşəbbüslərlə bağlıdır. Hər bir cəmiyyətdə ideyalar və təşəbbüslər nə qədər çox olarsa, bir o qədər yeni fikirlər və imkanlar yaranar. Bu da cəmiyyətin daha geniş və dərin qatlarını yeni məqsədlər ətrafında birləşdirməyə imkan verər. Düşünürəm ki, yeni qanun layihəsi bu baxımdan da əlavə imkanlar yaradacaq. Digər bir məsələ qrantların tənzimlənməsi ilə bağlıdır. Doğrudur, xarici müdaxilələrin çox olduğu dövrlərdə islahatlar çərçivəsində yeni qeydiyyat forması yaradıldı və qrantların tənzimlənməsini Azərbaycan dövləti öz üzərinə götürdü. Düşünürəm ki, artıq elə bir mərhələyə çatmışıq ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin də müəyyən dərəcədə yenidən təşkilinə ehtiyac var. Çünki bu sahəyə büdcədən vəsait ayrılır və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün daha geniş imkanlar yaradılır. Bu isə yeni mərhələyə keçidi zəruri edir".
Millət vəkili hesab edir ki, Azərbaycan Prezidentinin irəli sürdüyü ideoloji təşəbbüslər, ideoloji təhlükəsizlik və informasiya müharibəsi məsələləri baxımından yeni qanunvericilik təşəbbüsləri mühüm əhəmiyyət daşıyır:
"Qanunun qəbul edilməsi qeyri-hökumət təşkilatlarının daha geniş istiqamətlərdə fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradacaq. Bunun üçün yeni maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var. Azərbaycanda çoxlu sayda QHT fəaliyyət göstərir. Onların hesabatlarının ümumi mərkəzləşdirilmiş qaydada təqdim edilməsi, şəffaflığın təmin olunması üçün müvafiq mexanizmin yaradılması mümkündür. Belə ki, hər bir QHT-nin maliyyə hesabatı ayrıca təşkilat kontekstində deyil, ümumi fondun büdcəsinə daxil edilməklə və həmin təşkilatların idarə heyətlərinin təqdim etdiyi hesabatlar əsasında rəsmiləşdirilə bilər. Bu, daha sistemli və şəffaf təşkilatlanmaya şərait yarada bilər".
NURİYYƏ













