"Heç kəs bu məsələdən narahat olmamalıdır" – Deputatdan ev təsərrüfatlarının uçotu ilə bağlı AÇIQLAMA
Ev təsərrüfatlarının uçotunun elektron qaydada aparılması kənd yerlərində sosial-iqtisadi vəziyyətin dəqiq qiymətləndirilməsi, əhalinin məşğulluğunun müəyyənləşdirilməsi və dövlət dəstəyinin ehtiyaclara uyğun planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesin səmərəli təşkili üçün noyabrın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi rayon üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlər keçirilir. Təlimlərdə uçotun yeni elektron qaydaları, məlumatların dəqiqliyinin təmin edilməsi, planşetlərdən və elektron informasiya sistemindən istifadə qaydaları izah olunur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dedi ki, ev təsərrüfatlarının uçotunun aparılması əslində vacib bir məqsədə xidmət edir:
"Bir çoxları buna qeyri-obyektiv mövqedən yanaşırlar, belə zənn edirlər ki, guya bu uçotun aparılması təsərrüfatların vergiyə cəlb olunmasına hesablanıb. Ancaq belə deyil. Uçot çox vacibdir. Bu iş, növbədə, təsərrüfatların sayını, insanların kənddə yaşayışını öyrənmək, məşğulluğu dəqiqləşdirmək baxımından əhəmiyyətlidir. Həm də perspektivlərin müəyyən olunması üçün vacibdir ki, gələcəkdə kənddə yaşayan əhalinin qayğıları necə yerinə yetirilə bilər, əhaliyə və təsərrüfatlara görə həmin yaşayış məskənlərinə dövlət dəstəyi necə verilə bilər, sosial məsələlər həmin kəndlərdə necə həyata keçirilə bilər".
Millət vəkilinin fikrincə, uçotun nəticələri kəndlərdə əhalinin ehtiyaclarının müəyyənləşdirilməsi və dövlət dəstəyinin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir. O, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini də vurğuladı:
"Ona görə də bu sahədə maarifləndirmə tədbirləri genişləndirilməlidir və çox yaxşı haldır ki, indi uçotun elektron qaydada təşkili üçün hazırlıq çərçivəsində maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlanılıb".
Deputatın sözlərinə görə, sovetlər dövründə də bu uçot olub:
"Ev quşları, ev heyvanları, ev avadanlıqları hər biri ciddi qaydada uçota alınırdı və vaxtaşırı bu barədə statistik məlumatlar verilirdi. Sözsüz, yenə də deyirəm, bu, bilavasitə reallıqların öyrənilməsinə xidmət eləyən bir məsələdir və yaşayış məskənlərində dövlət tərəfindən tədbirlərin keçirilməsinə, müəyyən çətinliklərin aradan qaldırılmasına istiqamətləndirilib".
Tahir Rzayev hesab edir ki, yaşayış məntəqələrində hər hansı infrastruktur layihəsinin həyata keçirilməsi zamanı əhalinin sayı və ehtiyacları nəzərə alınmalıdır:
"Əgər kənddə istənilən sayda insan yaşamırsa, burada hansısa bir müəssisənin tikilməsinə nə ehtiyac var? Yaxud iri tipli bir məktəbin tikilməsinə nə ehtiyac var? Orada böyük bir xəstəxananın inşasına nə ehtiyac var? Ona görə də insanların tələbləri və yaşayış ehtiyacları nəzərə alınaraq həmin yaşayış məskənlərində müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır. Heç kəs bu məsələlərdən narahat olmamalıdır. Yenə də deyirəm: uçot, hesabat, şəffaflıq inkişafın sürətləndirilməsi üçün bir zəmindir. Əgər dəqiq uçot yoxdursa, burada inkişafın sürəti, insanların fəallığı qeyri-mümkündür".
NURİYYƏ













