"Bakı ilə Ələt arasında sürət qatarları işə salınsın" - Deputatdan TƏKLİF
"Qaradağ rayonunun Ələt qəsəbəsində görülən işlərə ayrıca diqqət yetirək. Ələt qəsəbəsinin sakinləri, vətəndaşlar üçün bu qanun layihəsinin müzakirə olunması və qüvvəyə minməsi onların mülkiyyətlərinin kompensasiya olunacağına dair inam yaradır. Əmlak dövlət ehtiyacları üçün alınarsa, bu proses həm vətəndaşlar, həm də dövlət üçün qarşılıqlı fayda təmin edəcək".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov bildirdi.
O, Bakı və ətraf qəsəbələrin getdikcə böyüdüyünü diqqətə çatdıraraq bu ərazilərin baş planının hazırlanmasının vacibliyini vurğuladı.
"Dövlət layihələri və infrastrukturun inkişafı ilə bağlı gələcəkdə dövlət ehtiyacları üçün ayrılan ərazilərin sayı da arta bilər. Ona görə də hesab edirəm ki, Qaradağ rayonu da daxil olmaqla, Bakı şəhərinin ətraf zonalarının baş planı hazırlanmalıdır. Baş plan təsdiqlənərsə, mülkiyyət məsələlərinin həlli prosesində təkcə dəmir yolları və qanunda nəzərdə tutulan digər dövlət ehtiyacları deyil, həm də gələcəkdə tikintisinə ehtiyac yaranacaq sosial və infrastruktur obyektləri nəzərə alına bilər. Buraya məktəblər, yaşıllıq sahələri, uşaq meydançaları, xəstəxanalar və digər obyektlər daxildir. Hesab edirəm ki, baş planın təsdiqlənməsi gələcəkdə bu kimi məsələlərin həllini xeyli asanlaşdırar".
Aydın Hüseynov Bakı ilə Ələt arasında sürət qatarlarının fəaliyyətə başlamasının da əhəmiyyətinə toxundu:
"Digər məsələ isə Bakı ilə Ələt arasında sürət qatarlarının işə salınmasıdır. Düşünürəm ki, bu, çox əlverişli olar. Həm ekoloji, həm iqtisadi, həm də turizm baxımından, eləcə də vətəndaşlara və sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyar. Bu istiqaməti ekoloji cəhətdən də səmərəli nəqliyyat həlli kimi qiymətləndirə bilərik".
NURİYYƏ













