"Sabah kimsə bələdiyyə torpağını dövlət ehtiyacı adı ilə siyahıya salıb..." - Siyavuş Novruzov
"Təbii ki, mülkiyyətin əldə olunması və dövlət ehtiyacları hesabına özəlləşdirilməsi ədalətli olmalıdır. Bu, təbiidir. Konstitusiyamızda mülkiyyətin formaları göstərilib. Dövlət mülkiyyəti, özəl mülkiyyəti və bələdiyyə mülkiyyətidir. Əsasən bələdiyyə mülkiyyəti ilə bağlı fikirlərimi çatdırmaq istərdim. Ola bilər ki, dövlət ehtiyacı bələdiyyə mülkiyyətinin də ərazisinə düşsün və bələdiyyə mülkiyyətinin ərazisinə düşəndə konstitusiyanın bələdiyyə mülkiyyətinin hüququ var. Yəni, qanun konstitusiyadan üstün ola bilməz. Düzdür, orda göstərilir ki, bu ədalətli şəkildə həll olunmalıdır. Bu ədalətin prinsipi nədən ibarətdir? Hansı prinsip əsasında bu ədalət müəyyənləşir və hansı prinsipə görə o kompensasiya ödənməlidir?"
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Dövlət ehtiyaclarının özü də çox mücərrəd məsələdir. Hansı siyahılar nəzərdə tutulur? Aeroport, yol və s. Sabah kimsə hər hansı məsələni həll etmək üçün bələdiyyə mülkiyyətinə daxil olan ərazini dövlət ehtiyacları adı altında siyahıya salıb, ədalətli olmayan kompensasiya ödəməklə istifadə etmək istəsə, bunu hansı formada müəyyən edə bilərik? Hesab edirəm ki, bu qeyri-müəyyənlikləri aradan qaldırmalıyıq”, - deyə komitə sədri bildirib.













