“Heç bir şəxsi maraq millətimizin etimadından üstün ola bilməz” - Zahid Oruc

 13:04 24.11.2026     41

Milli Məclisin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, müzakirələr zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc qanun layihəsi ilə bağlı çıxış edib.

Deputat bildirib ki, müzakirəyə təqdim olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsi son illər dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və peşəkarlığın artırılmasına yönələn mühüm tədbirlərin davamıdır. Xüsusilə də layihə vəzifə səlahiyyətləri ilə şəxsi maraqlar arasında hüquqi sərhədlərin müəyyənləşdirilməsinə xidmət edir.

“İndiyədək korrupsiyaya qarşı mübarizə və etik davranış kodeksində mövcud olan müddəalar sistemli şəkildə və vahid bir qanun layihəsində əksini tapır.

Maraqlar toqquşması hüquqi mahiyyətinə görə korrupsiya əməlləri ilə eyni məna daşımır. Vəzifəli şəxsin əmlakı və qanuni iqtisadi maraqları ola bilər. Lakin özəl mənafelər dövlət qərarlarına təsir etməməlidir. Yeni qanunun üstünlüyü odur ki, hüquq pozuntusunun baş verməsini gözləmədən, onu doğura biləcək şəraiti əvvəlcədən aradan qaldırmağa imkan verir. Konstitusiyanın 55-ci maddəsinə görə dövlət idarəçiliyində iştirak etmək hüququ vətəndaşa verilmiş siyasi imkandır, yəni, dövlət vəzifəsi xalqa xidmət üçündür”, - deyə deputat qeyd edib.

Z.Oruc müqayisəli beynəlxalq təhlillərə də toxunub. O bildirib ki, Avropa dövlətləri ötən onilliklərdə maraqlar toqquşmasının hüquqi tənzimlənməsi sahəsində böyük yol keçiblər:

“Almaniyanın 1976-cı ildə qəbul etdiyi inzibati icraat qanunvericiliyi şəxsi marağı olan vəzifəlilərin qərarvermədən kənarlaşdırılmasını nəzərdə tutur. Fransada 2013-cü ildən yüksək vəzifəli şəxslərin maraq və əmlak bəyannamələrini yoxlayan xüsusi qurum fəaliyyət göstərir. Lakin qanunun mövcudluğuna baxmayaraq, maraqlar konfliktini tam yox etmək mümkün olmayıb. Avropa Parlamentindən Brüssel və Parisə uzanan çirkli əlaqələr, korrupsion siyasi lobbizmin açıq nüfuz alveri olması da dövlətimiz tərəfindən dəfələrlə bəyan olunub”.

Deputatın sözlərinə görə, maraqlar toqquşmasının ən böyük iqtisadi nəticələri dünyada dövlət satınalmalarında meydana çıxır. Dövlət büdcəsindən maliyyələşən təchizat və xidmət layihələrində qərar qəbul edən şəxsin tender iştirakçısı ilə gizli iqtisadi əlaqəsi varsa, büdcə vəsaitinə zərərlə yanaşı, daha münasib qiymət və yüksək keyfiyyət təklif edən sahibkar da dövlət sifarişindən kənarda qala bilər.

“Beləliklə, maraqlar toqquşması həm də azad rəqabətə, milli sahibkarlığa və investisiya mühitinə zərbə vurur.

Torpaq münasibətləri, özəlləşdirmə, güzəştli kreditlər və subsidiyalar da yüksək riskli sahələrdir. Təsəvvür edək ki, yeni magistral yolun harada çəkiləcəyini əvvəlcədən bilən vəzifəli şəxs həmin ərazidə yaxınlarının adına torpaq alır, dövlət investisiyasından sonra torpağın qiyməti dəfələrlə artır. Layihədə xidməti məlumatlardan şəxsi məqsədlərlə istifadəni məhdudlaşdıran 15-ci maddə məhz gözlənilən təhlükənin qarşısını almağa yönəlib”, - deyə o vurğulayıb.

Z.Oruc maraqlar toqquşmasının yalnız iqtisadi münasibətlərdə yaranmadığını da diqqətə çatdırıb. O bildirib ki, dövlət qulluğuna qəbul, vəzifələr üzrə irəli çəkilmə, universitetlərdə elmi qrantların bölüşdürülməsi də eyni riskləri daşıyır:

“Dövlət orqanında qərar verən şəxs namizədlərdən biri ilə qohumluq münasibətindədirsə, onun müvafiq prosedurda iştirakı obyektivliyə əsaslı şübhə yaradır.

Qanun layihəsi real, potensial və təəssürat yaradan maraqlar toqquşmasını fərqləndirir. Hətta qanunsuz qərar qəbul edilməsə də, vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı tədbir üçün kifayət edə bilər. Əlbəttə, burada əsassız ittihamlarla hüquqi cəhətdən əsaslandırılmış şübhələr arasında fərq qorunmalıdır”.

Deputat beynəlxalq təcrübədə “fırlanan qapı” adlandırılan fenomenə də toxunub. Onun sözlərinə görə, dövlət sifarişləri və lisenziyalar barədə qərar vermiş vəzifəli şəxsin sonradan həmin şirkətlərin maraqlarını əvvəlki qurumunda təmsil etməsi ciddi risk yaradır.

“Layihədə vəzifədən ayrıldıqdan sonra iki il müddətində əvvəl işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa məhdudiyyət nəzərdə tutulur.

Layihədə maraqlar toqquşmasına nəzarət edən subyektlərin səlahiyyətləri müəyyənləşdirilir. Qanunun tətbiqi ilə bağlı dörd məsələyə diqqət çəkmək istərdik.

Birincisi, 2005-ci ildən nəzərdə tutulan maliyyə məlumatlarının bəyan edilməsi mexanizmini tam işlək vəziyyətə gətirməyə ehtiyac var, əmlak və şəxsi maraqlar haqqında məlumatlar qarşılıqlı yoxlanılmalıdır.

İkincisi, dövlət satınalmaları, torpaq münasibətləri və lisenziyalaşdırma üzrə ayrıca risk xəritələri hazırlanmalıdır.

Üçüncüsü, qanunun icrası haqqında illik ictimai hesabatlar təqdim olunmalı, qanuni məlumat verən şəxslər təzyiqlərdən qorunmalıdır.

Dördüncüsü, altı aylıq keçid dövründə dövlət qulluğu, etik davranış və satınalma qanunvericiliyi uyğunlaşdırılmalı, nəzarət və təlim mexanizmləri yaradılmalıdır”.

Z.Oruc çıxışının sonunda Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdiyini xatırladıb. O bildirib ki, hazırda qalib dövlətin idarəçilik sistemində ədalətin və qanunun aliliyinin daha güclü təmin olunması üçün müvafiq addımlar atılır:

“Dürüst dövlət qulluqçusunun hüquqlarını, sosial təminatını və peşəkar yüksəliş imkanlarını qorumalıyıq.

Dövlət vəzifəsinin ən böyük imtiyazı xalqın etimadıdır. Heç bir şəxsi maraq millətimizin etimadından üstün ola bilməz”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən