"Ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərar verməyə sövq edə bilər"

 13:41 24.11.2026     50

"Hakim hökm çıxarır, amma bir çox hallarda həmin hökmün formalaşmasında ekspert rəyi həlledici rol oynayır. Ona görə də bizim məqsədimiz yalnız diplomu ixtisasına uyğun olan ekspert yetişdirmək deyil, həm də vicdanına, biliyinə və obyektivliyinə etibar edə biləcəyimiz ekspertiza sistemi qurmaq olmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanun layihəsi haqqında danışarkən bildirdi.

O nəzərə çatdırdı ki, vətəndaşın evi qəzalı vəziyyətə düşür, yol qəzası nəticəsində ona ziyan dəyir, hakim və ya həkim səhvi ucbatından sağlamlığını itirir, yaxud mülkiyyət hüququ pozulur:

"Bütün bu hallarda onun öz haqqını sübut etməsi ekspert rəyindən asılıdır. Bəs ekspert səhv edərsə, vətəndaş nə etməlidir? Ekspertin səhvini kim və necə müəyyən etməlidir? Vətəndaşın başqa bir ekspertə müraciət etmək üçün maddi imkanı yoxdursa, öz haqqını necə müdafiə edəcək?

Təklif edirəm ki, məhkəmə ekspertizası sistemində alternativ ekspertiza imkanları daha da genişləndirilsin, sağlam rəqabət mühiti yaradılsın və ekspertlərin müstəqilliyi gücləndirilsin. Vətəndaş ekspert rəyinin dəyişdirilməsi üçün kiminsə qapısını döyməli, tanış axtarmalı deyil. Onun əlində işlək hüquqi mexanizm olmalıdır".

Deputat digər bir məsələnin ekspertlərin peşəkarlığının davamlı qiymətləndirilməsi olduğunu bildirdi.

"Diplom insanın vaxtilə təhsil aldığını göstərir, amma onun bu gün nə dərəcədə peşəkar olduğunu tam sübut etmir. Elm dəyişir, texnologiyalar yenilənir, yeni ekspertiza metodları meydana çıxır. Buna görə də ekspertlərin bilik və bacarıqlarının dövrün tələblərinə uyğun olması üçün onlar müntəzəm olaraq peşə biliklərinin artırılması kurslarına cəlb olunmalıdırlar.

Təklif edirəm ki, ekspert rəylərinin keyfiyyətinə dair illik statistika da ictimaiyyətə açıqlansın: neçə ekspert rəyi təkrar ekspertiza nəticəsində təkzib olunub, neçə rəydə ciddi nöqsan aşkarlanıb, neçə ekspert barəsində məsuliyyət tədbiri görülüb. Bu məlumatların açıqlanması sistemə olan ictimai etimadı artırar. Əlbəttə, ekspert də səhv edə bilər, amma ekspertin səhvinin bütün ağırlığını vətəndaş təkbaşına çəkməməlidir. Biz elə bir sistem quraq ki, ekspert rəyi vəzifəsindən, nüfuzundan və ona müraciət edən qurumdan asılı olmayaraq yalnız elmin və həqiqətin tərəfində dayansın. Çünki ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərar verməyə sövq edə bilər", - deyə Nurullayev vurğuladı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən