Qafqaz Albaniyasının cənub sərhədi Araz çayı boyuncadır...
Azərbaycanın tarixçi alimi, diplomat Həsən Həsənovun “Azərbaycan – tarixi-coğrafi atlas”ında Qafqaz Albaniyasının tarixi-coğrafi sərhədlərinin müəyyənləşdirilməsi zamanı qədim və erkən orta əsr yazılı mənbələrinin məlumatlarına müraciət edilməsi böyük elmi əhəmiyyət daşıyır. Xəritədə Albaniyanın yalnız şərq və mərkəzi hissələri deyil, qərb istiqamətində yerləşən və bu gün müasir Ermənistan Respublikasının ərazisinə daxil olan bəzi məkanlarla əlaqəli tarixi-coğrafi sahələr də göstərilir. Bu yanaşmanın elmi əsaslarını qiymətləndirərkən həmin ərazilərin müasir siyasi sərhədlər baxımından deyil, antik və erkən orta əsrlərin siyasi-coğrafi sistemi daxilində araşdırılması zəruridir. Moisey Xorenlinin “Ermənistan tarixi” əsəri bu baxımdan mühüm mənbələrdən biridir. Lakin Musa Kalankatlının “Albaniya ölkəsinin tarixi” əsəri isə məsələ ilə bağlı yayımlanmış ən əhəmiyyətli mənbədir...
Tarixçi alim “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan – tarixi-coğrafi atlasından çıxarışlar” mövzusunda keçirilən və şəxsən iştirak etdiyim seminardakı geniş çıxışında vurğuladı ki, erməni tarixşünaslığında irəli sürülən “Albaniya dövləti erməni çarının göstərişi ilə parfiyalılar tərəfindən yaradılıb” iddiasının Albaniya dövlətinin yerli əsaslarının formalaşmasına heç bir aidiyyəti yoxdur. Bu baxımdan xəritə çox vacibdir. Ermənilərlə bizim tarix mübahisəmizin əsas məsələlərindən biri də budur: erməni tərəfi iddia edir ki, Albaniya dövləti yalnız Kür çayının şimalında yerləşib. Kürlə Araz arasındakı ərazilərin isə Albaniyaya heç bir aidiyyəti yoxdur. Onlar tamamilə erməni torpaqlarıdır və burada erməni dövlətləri mövcud olub. Həsən Həsənov bu iddianı onların öz tarixi mənbələri əsasında yoxlamağa çalışıb.
Ermənilərin mühüm tarixi şəxsiyyətlərindən olan Movses Xorenatsi “Ermənistan tarixi” əsərində Musa Kalankatukluya istinad edərək Albaniyanın cənub sərhədinin Araz çayı boyunca olduğunu qeyd edir. Musa Kalankatuklu isə alban tarixçi alimidir, erməni tarixçisi deyil. H.Həsənov məhz onların istinad etdiyi mənbələrdən sitat gətirir. Deməli, Movses Xorenatsinin bu məlumatı müasir erməni tarixşünaslığında irəli sürülən “Albaniya yalnız Kürün şimalında yerləşirdi” konsepsiyası ilə ziddiyyət təşkil edir.
Bəli, Musa Kalankatlının “Albaniya tarixi” əsərində də Albaniyanın cənub sərhədinin Araz çayı olduğu göstərilir.
Deməli, tarixçi alimin "qədim mənbələrdə Albaniyanın sərhədləri haqqında verilən məlumatlar Kürlə Araz arasındakı ərazilərin Albaniyanın tarixi coğrafiyası ilə əlaqəsini müzakirə etmək üçün mühüm əsas yaradır" fikri açıq qalır və məsələ təxirəsalınmaz, ciddi araşdırmaların mövzusu olmalıdır qənaətini qaçılmaz edir...
Esmira Fuad,
Əbədi Turan Kitab Fondunun rəhbəri













