"Sülh Avropanın region siyasəti üçün hava-su kimi lazımdır"

 11:26 27.11.2026     65

Son həftələrdə Avropa ölkələrinin yüksək rütbəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri ölkəmizə artan marağın göstəricisidir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov bildirdi.

Millət vəkili qeyd etdi ki, Avropa ölkələrinin Azərbaycana səfərlərinin arxasında ciddi strateji məsələlər dayanır:

“Son həftələrdə Avropa ölkələrinin yüksək rütbəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri başlayıb. Bu, təsadüfi diplomatik fəallıqdır, yoxsa bunun arxasında çox ciddi strateji məsələlər dayanır? Böyük siyasətdə təsadüfi diplomatik gedişlərin olmadığını hər kəs yaxşı bilir. Bunun ən dəqiq və düzgün cavabı odur ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycana çox ciddi dividendlər gətirməyə başlayıb. Bu proses fasiləsiz və davamlı xarakter daşıyır”.

Elman Nəsirov vurğuladı ki, Almaniyanın xarici işlər nazirinin səfərindən sonra İtaliyanın Baş naziri və xarici işlər naziri, Monteneqronun Baş naziri, Gürcüstanın, Litvanın və Estoniyanın xarici işlər nazirləri Azərbaycana səfər ediblər.

Deputatın sözlərinə görə, yaxınlarda, yanvar və ya iyul ayında Liviyanın xarici işlər naziri də ölkəmizdə olub. Bu səfərlər Avropa ölkələrinin regiona, xüsusilə Azərbaycana böyük maraq göstərdiyini ortaya qoyur.

Elman Nəsirov Azərbaycana artan marağın birinci səbəbinin enerji təhlükəsizliyi siyasəti olduğunu bildirdi.

“Bunun birinci səbəbi Azərbaycan dövlətinin və onun Prezidentinin uğurlu enerji təhlükəsizliyi siyasəti həyata keçirməsidir. Avropa ölkələri enerji məsələlərinin onlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını yaxşı bilirlər. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz satırdıqsa, bu gün 13 Avropa ölkəsinə qaz ixrac edirik. Onlardan 10-u Avropa İttifaqına üzv dövlətdir. Avropa bazarlarına təxminən 12,8 milyard, bəlkə də 13 milyard kubmetr qaz satılır”, - deputat qeyd etdi.

O, ikinci səbəbin Azərbaycanın nəqliyyat-logistika sahəsində oynadığı mühüm rolla bağlı olduğunu dedi:

“Dünən Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat dialoqu keçirildi. Bu ayın əvvəlində isə Avropa İttifaqı Orta Dəhlizlə bağlı mövqeyini ifadə edərək onun strateji əhəmiyyətini vurğuladı".

Deputat üçüncü səbəbin regionda sülh prosesi olduğunu vurğuladı. O qeyd etdi ki, Avropa ölkələri Azərbaycanın sülhün təmin olunmasında mühüm rol oynaya biləcəyini yaxşı anlayırlar.

“Sülh Avropanın özü, eləcə də onun region siyasəti üçün hava-su kimi lazımdır”, - deyə Elman Nəsirov əlavə etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən