Ceyhun Məmmədov könüllülərlə bağlı qanuna dəyişiklik təklif ETDİ

 11:58 27.11.2026     47

Azərbaycanda könüllülərin əməyinin mühafizəsi ilə bağlı yeni müddəanın Əmək Məcəlləsinə əlavə edilməsi onların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycanda könüllülük hərəkatı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə sürətlə inkişaf edib.

Onun sözlərinə görə, əvvəlki sənəddə əməyin mühafizəsi məsələsi yalnız tələbə və şagirdlərə aid idi.

“İndi isə bu sənədə könüllülərlə bağlı ayrıca müddəanın əlavə edilməsi onların hüquqlarının qorunması və fəaliyyətləri üçün daha əlverişli şərait yaradılması baxımından əhəmiyyətlidir. Çünki zaman-zaman gənclərin könüllü fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklərdən və narazılıqlardan da xəbər tuturuq. Burada söhbət bərabər şəraitin yaradılmasından və əməyin təhlükəsizliyinin təmin olunmasından gedir. Hesab edirəm ki, bu dəyişiklik könüllülərin əməyinin mühafizəsi sahəsində mövcud vəziyyəti ciddi şəkildə yaxşılaşdıracaq və gücləndirəcək”, - deputat vurğuladı.

Ceyhun Məmmədov Azərbaycanda könüllülük fəaliyyətinin getdikcə genişləndiyini və bu sahənin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

O, ASAN Xidmətdə tətbiq olunan könüllülük modelini uğurlu nümunə kimi göstərdi.

“Bu gün ASAN Xidmətdə tətbiq olunan könüllülük modelini uğurlu nümunə kimi göstərə bilərik. Vaxtilə ASAN Xidmətdə könüllü kimi fəaliyyətə başlayan şəxslər bu gün həmin qurumda yüksək vəzifələrdə çalışırlar. Hesab edirəm ki, gələcəyə doğru irəliləyərkən müasir çağırışları da nəzərə almalı, könüllülük fəaliyyətini bu cür təkmilləşdirməklə yanaşı, gənclər üçün daha uyğun şərait yaratmaq məqsədilə “Könüllü fəaliyyət haqqında” qanuna da yenidən baxmalıyıq”, - deyə deputat əlavə etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən