Deputat həyətyanı torpaqlarla bağlı problemin həllini təklif ETDİ

 12:21 27.11.2026     71

Azərbaycanda uzun illər əvvəl vətəndaşlara ayrılmış, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış həyətyanı torpaq sahələri ilə bağlı problemin aradan qaldırılması təklif olunur.

Redaktor.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Deputat qeyd etdi ki, 2006-cı il iyunun 6-dək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vətəndaşlara torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və ya çıxarış verirdi. Həmin tarixdən sonra isə bu sənədlərin verilməsi dayandırıldı və vətəndaşlara yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmağa başlandı.

Azər Badamovun sözlərinə görə, eyni hüquqi əsasla torpaq əldə edən vətəndaşların bir qismi mülkiyyət hüququnu təsdiq edən sənəd alsa da, digərləri yalnız plan-ölçü sənədi ilə təmin olundu.

“Burada əsas problem ondan ibarətdir ki, plan-ölçü sənədi ilkin sənəd hesab olunur və özlüyündə mülkiyyət hüququnu təsdiq etmir. Buna görə də həmin sənədə malik olan vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra və çıxarış əldə edə bilmirlər”, - deputat vurğuladı.

O, oxşar vəziyyətin bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və 2006–2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçüsü hazırlanmış həyətyanı torpaq sahələri ilə bağlı da yarandığını diqqətə çatdırdı.

Deputat təklif olunan qanun layihəsinin bu problemin aradan qaldırılmasına xidmət edəcəyini bildirdi.

“Vətəndaşlara öz torpaq sahələri üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək və dövlət reyestrindən çıxarış almaq imkanı yaradılacaq. Hesab edirəm ki, bu qanun layihəsi hüquqi baxımdan əhəmiyyətlidir, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına və uzun müddətdir mövcud olan hüquqi problemin həllinə xidmət edir”, - deyə Azər Badamov əlavə etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən