Zahid Oruc sənədsiz evlərlə bağlı yeni amnistiya qərarına ÇAĞIRDI

 12:27 27.11.2026     70

Azərbaycanda sənədsiz evlərin və torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı yeni qərarın qəbuluna ehtiyac var. Bu, uzun illərdir əmlakından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün mühüm addım olacaq.

Redaktor.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Deputat qeyd etdi ki, torpaq amnistiyası dövlətin həyata keçirdiyi amnistiya siyasətinin növbəti nümunəsidir.

“Uzun illərdir təqdim olunan bu torpaq amnistiyası dövlətimizin həyata keçirdiyi amnistiya siyasətinin növbəti nümunəsidir. Mülki Məcəllənin 139-cu maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə 2015-ci il fevralın 6-dək tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılmasına dair müddəa əlavə olundu”, - deyə Zahid Oruc vurğuladı.

Onun sözlərinə görə, təşəbbüs uzun illərdir torpağından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün humanist xarakter daşıyan mühüm qərardır. Bununla yanaşı, layihənin əhatə edəcəyi vətəndaşların sayı ilə bağlı məlumatların yenilənməsinə ehtiyac var.

Zahid Oruc daşınmaz əmlakın dövlət reyestri sahəsində hüquqi və sosial islahatların uzun illərdir davam etdiyini xatırlatdı.

O, 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədən sonra paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin kütləvi qeydiyyata alınması nəticəsində qısa müddətdə 114 minə yaxın vətəndaşın əmlak hüququnun təsbit edildiyini bildirdi.

Deputat 2015-ci il yanvarın 13-də imzalanan fərmanın bir sıra əlavə sənədlərin hüquqi əsas kimi qəbul edilməsinə imkan yaratdığını, 2023-cü il iyunun 14-də imzalanan fərmanın isə qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi üçün xüsusi mexanizm yaratdığını diqqətə çatdırdı.

Zahid Oruc daha bir amnistiya effekti yaradan qərarın qəbuluna ehtiyac olduğunu vurğuladı. O, rəsmi məlumatlara əsasən, 2025-ci ilin oktyabrınadək təxminən 19 min müraciətin daxil olduğunu, yalnız 4 minə yaxın ərizənin reyestrdə qeydiyyata alındığını qeyd etdi.

Deputatın sözlərinə görə, vahid portal vasitəsilə müraciətlərin qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud müddətdə davam etməsi və texniki rəylərin alınması obyektlərin rəsmiləşdirilməsinə mane olur.

Zahid Oruc sənədsiz evlərin və torpaq sahələrinin sayı ilə bağlı uzun illərdir fərqli rəqəmlərin səsləndirildiyini də qeyd etdi.

“Lakin bu evlərin statistikası vahid inventarlaşdırmaya əsaslanmır. Qeydiyyatsız əmlakın sosial nəticələri də ağırdır. Vətəndaş sənədsiz evini hüquqi baxımdan sərbəst şəkildə sata, başqasına ötürə və ya girov qoyaraq kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlərin göstərilməsi ilə bağlı güzəştlər də məhdudlaşdırılıb. Bu səbəbdən həmin əmlakların bazar dəyəri xeyli aşağı düşür”, - deputat bildirdi.

O, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan son araşdırmanın problemin miqyasını ortaya qoyduğunu söylədi.

Zahid Oruc vurğuladı ki, söhbət müvəqqəti tikililərdən deyil, uzun illər ərzində formalaşmış yaşayış massivlərindən gedir. Araşdırmaya əsasən, sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, 36,8 faizi isə 10 ildən 20 ilədək yaşayır. Beləliklə, ailələrin təxminən 70 faizi 10 ildən çoxdur eyni ünvanda məskunlaşıb.

Deputat araşdırmanın sosial nəticələrinə də diqqət çəkdi. Onun sözlərinə görə, sorğu iştirakçılarının 28 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin gəliri isə 400–600 manat arasındadır. Bu isə sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsini aztəminatlı və orta gəlirli ailələrin təşkil etdiyini göstərir.

Zahid Oruc sənədsiz evlərin 81 faizinin birmərtəbəli, böyük hissəsinin isə 50–150 kvadratmetr sahəyə malik olduğunu bildirdi. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini isə satın alıblar.

“Deməli, rəsmiləşdirilməmiş evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz. 2020-ci ilədək tikilmiş sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub. Demək olar ki, hamısına elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış məkanı kimi qəbul edib, lakin mülkiyyət hüququ rəsmiləşdirilməyib”, - deyə deputat əlavə etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən