"Qeydiyyat olmadığı üçün qaz və işıq çəkilməsində çətinlik yaranır" - Deputat

 12:41 27.11.2026     48

"Torpaq islahatları aparılan zaman vətəndaşlarımız qanun əsasında torpaq, o cümlədən həyətyanı torpaq sahələri əldə ediblər. Bunların sənədləşdirilməsi prosesi isə iki mərhələdən ibarət olub. Birinci mərhələdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyəti dövründə vətəndaşlara şəhadətnamələr verilib, sonrakı mərhələdə isə bölgü sənədləri, plan və ölçülər təqdim olunub. Bu komitə ləğv edildikdən sonra isə vətəndaşların bu gün narazılıq və narahatlıqlarına səbəb olan hüquqi boşluq yaranıb".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra bu dəyişiklik sosial-iqtisadi baxımdan da öz səmərəsini verəcək:

"Burada Qarabağ və Şərqi Zəngəzura qayıdan vətəndaşlarımız üçün də mühüm imkanlar yaranacaq. Belə ki, Qarabağ rayonlarında yaşayan sakinlərin 80 faizdən çoxu fərdi yaşayış evlərində yaşayır və onların ailələri getdikcə genişlənir. Bu qanunun qəbulu həmin bölgələrə qayıdan vətəndaşlarımızın mənzil və mülkiyyət məsələlərinin daha rahat həllinə şərait yaradacaq. Məlumdur ki, bu bölgədə digər problemlər də mövcuddur. Söhbət qaz təminatından, elektrik xətlərinin çəkilməsindən gedir. Qeydiyyat olmadığı üçün bəzən kommunal xidmətlər sahəsində çətinliklər yaranır. Bu məsələlər də aradan qaldırılacaq. Digər tərəfdən, qanun layihəsi maliyyə resurslarına əlçatanlığın təmin olunması və böyük quruculuq prosesinin dəstəklənməsi baxımından mühüm təkan olacaq".

Deputat hesab edir ki, bütövlükdə qanun layihəsi çox təqdirəlayiqdir:

"Növbəti mərhələdə isə onun icra mexanizmi sadələşdirilməlidir. Düşünürəm ki, artıq plan və ölçü sənədləri hazırlanmış vətəndaşlara həmin sənədlərin təqdim edilməsi prosesi sürətləndirilməlidir. Sonrakı mərhələlərdə isə qeydiyyat məsələləri sadə prosedurlar vasitəsilə həllini tapmalıdır".

NURİYYƏ

 

Vumart və Güvən reklamı Vumart Güvən