Televiziya məkanımıza erməni müdaxiləsi... - Nəzarət gücləndiriləcək

 14:54 19.04.2019     1156

"Ermənistanın bir sıra telekanalları qeyri-qanuni şəkildə efir məkanımıza müdaxilə edə bilirlər".

Bunu tanınmış televiziyaçı, professor Qulu Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Azərbaycan ərazisində efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi sərəncam, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsinə ciddi şəkildə şərait yaradacaq:

"Bu sərəncamda məhz təhlükəsizliklə bağlı məsələlər əsas götürülüb. Yəni, efirdə ölkənin təhlükəsizliyi üçün problem yaradan məqamlar və o cümlədən, kənar yayımlara nəzarət gücləndiriləcək. Bütün dövlətlər öz efir məkanını daim qoruyur. Və bunun üçün hüquqi baza olmalıdır. Bir neçə il öncə, Azərbaycanda qəbul edilən  təhlükəsizlik doktrinası həm də efir məkanına aiddir. Ermənistanın bir sıra televiziya kanalları ötürücü dalğalar vasitəsilə, efir məkanımıza müdaxilə edə bilirlər. Sərəncamda əsasən bu təhlükəsizliyin təmin edilməsindən bəhs edildiyini hesab edirəm”.

Qeyd edək ki, Azərbaycan ərazisində efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. 

Gülşən Şərif/ Redaktor.az