Anti-millilər niyə fəallaşır? - Aİ-nə gedən yola kölgə salınır...

 15:23 22.04.2019     611

Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş anti-milli ünsürlər yenidən fəllaşmaqdadır.

Redaktor.az bildirir ki, millət vəkili Elman Nəsirov son vaxtlar anti-Azərbaycan qüvvələrin fəallaşmasına münasibət bildirib. Deputat hesab edir ki, proqnozlar özünü tam doğrultmaqdadır:

“Bu dəfə anti-Azərbaycan qüvvələri və onların tör-töküntülərinin “yuxusuna haram qatan” hadisə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji tərəfdaşlıq sazişi”nin imzalanması prosesinin həlledici mərhələyə daxil olmasıdır. Məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan “Sərhədsiz Reportyorlar Təşkilatı”nın 2018-ci il üçün “ Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi.

Hadisələr arasındakı ilk baxışdan müəmmalı görünən sinxronluq bizi qətiyyən təəccübləndirmir. Çünki yenə də eyni senari, eyni tamaşa və eyni ifaçılar iş başındadır”.

Millət vəkili vurğulayıb ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz:

“Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlar bunu unutmasınlar. Ölkəmizdə mövcud xalq - hakimiyyət birliyi sarsılmazdır. Ölkə başçısı hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu, xalq - hakimiyyət birliyini güclü edən həlledici amildir, eyni zamanda bu monolitliyin xarici bədxahlarımızın və daxili “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir”.

E.Nəsirov bildirib ki, anti-milli ünsürlər və onların xarici havadarlarının siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur:

“Səbəbi də sadədir. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bunu xalq da çox yaxşı görür. Bu baxımdan Azərbaycan Respublikasının Aİ ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan “Strateji tərəfdaşlıq sazişi”nin imzalama prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır. Anti-milli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişi mətni ilə tanış olmadan belə tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir”.

Millət vəkili qeyd edib ki, radikal müxalifət və onların tör-töküntülərinin təlaşı başadüşüləndir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəndin guya ki, sənəddə əks olunmamasına dair “öngörmə” əslində “siyasi korluq”dan başqa bir şey deyil. Bəsirət gözləri açılsa, görərlər ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olmasını şərtlədirən kifayət qədər ciddi sənədlər mövcuddur.

Beləliklə, ermənilər, ermənipərəstlər, anti-milli ünsürlər, milli dönüklər və qaragüruhçu tör-toküntülərin Azərbaycan Respublikası ilə Aİ arasında mühüm siyasi sənədin imzalanması ərəfəsində keçirdikləri təlaş, həyəcan və qorxunun motivləri hiss olunmaqdadır. Həmin qüvvələrin Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın daha da möhkəmləndirilməsinə və bunun əsasında dayanan xalq-hakimiyyət birliyinin sarsılmaz qüvvəyə çevrilməsinə xidmət edən istənilən addımdan vahimələndiyinin də fərqindəyik. Xalqımız həmin qüvvələri hələ keçən əsrin 90-ci illərin əvvələrindən çox yaxşı tanıyır. Bu qüvvələr xalqın yaddaşına “xaos” və “anarxiya” sözlərinin sinonimi kimi həkk olunub. Xalqı bir dəfə aldatdınız, daha yetər. Siyasi səhnədən çəkilin!”.

Firuzə Vahid / REDAKTOR.AZ