Bu cür hava BUZLAŞMA DÖVRÜNƏ doğru getdiyimizi göstərir

 16:26 22.04.2019     560

Yaz fəslinin olmasına baxmayaraq, hazırda anomal hava şəraiti müşahidə olunur.

Bu cür hava şəraiti təbiətə, xüsusən də kənd təsərrüfatı məhsullarının məhsuldarlığına necə təsir edir?

Bununla bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Redaktor.az-a açıqlama verib. O, qeyd edib ki, mövcud hava şəraitinin təbiətə mənfi təsiri yoxdur:

“Hazırda müşahidə olunan soyuq hava şəraiti mövsümi meyvələrə zərər vermir. Bəzi rayonlarda qarın yağması bütün zərərverici xəstəlikləri məhv edir. Sadəcə bu cür hava yenidən buzlaşma dövrünə doğru getdiyimizi göstərir. Qlobal istiləşmə ilə bağlı proqnozlar doğru deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, əvvəlki illərdə də aprel ayında qar yağıb:

“Son 10 il ərzində aprel ayında hava şəraitinin isti və ya bu cür soyuq keçməsi müşahidə olunub. Yəni, bu il qar yağması ilk dəfə baş vermir. Sadəcə əvvəlki illərdə soyuq hava əsasən bir neçə gün davam edib. Qar yağması isə dağlıq və dağətəyi rayonlarda baş verib”.

Gülşən Şərif / Redaktor.az