Alternativ yollar yetərlidirmi? - Bu yollardan istifadə edin

 19:27 22.04.2019     541

Bakı 26-28 aprel tarixlərində dünyanın ən aparıcı avtomobil yarışması olan "Formula 1"ə  ev sahibliyi edəcək.

Ölkəmiz bu yarışmaya ən yüksək səviyyədə hazırlaşıb. Ümumiyyətlə, Azərbaycan yarışın təşkili baxımından digər ölkələrdən fərqlənir və bu, ən yüksək səviyyələrdə etiraf olunur. Ancaq, indi toxunacağımız məsələ, yarışın mahiyyəti ilə bağlı deyil. Sərnişindaşımada yaranan sıxlıq və alternativ yolların yetərli olub-olmaması, əsas müzakirə mövzularından biri kimi aktuallaşıb.  

Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, alternativ yolların vəziyyəti qənaətbəxş deyil:

“Sürücülərə təklif olunan alternativ yolların yetərli olduğunu düşünmürəm. Bayraq Meydanından yollar bağlanıb. Səbail rayonu ərazisində Xanlar, Əlibəyov qardaşları, Mehdi Hüseyn və s. küçələr alternativ yollar kimi sürücülərə təklif edilib. Halbuki, Bayraq Meydanının yanından yolu bağlamağa ehtiyac yoxdur. Sürücülərə təklif edilən alternativ yollardan rahat istifadə etmək mümkün deyil.

20-ci sahədən Badamdar qəsəbəsinə qalxan yol alternativ variant kimi çox əlverişlidir. Lakin Bakı şəhər İcra Hakimiyyəti o ərazinin sürüşmə təhlükəsini əsas gətirərək, yolu istifadəyə vermir. 10 gün öncə Səbail rayon Dövlət Yol Polisi şöbəsinə bir təklif vermişdim ki, Xanlar küçəsindəki sakinlər 8 gün müdddətində həmin ərazidə parklanma etməsinlər. Nəticədə həmin yolda nəqliyyat sıxlığı aradan qalxacaq. Təəssüf ki, bu təklifim qəbul edilmədi”.

Ekspert Bakı Nəqliyyat Agentliyinə təklif edib ki, pik saatlarda əlavə marşrutlar istifadəyə verilsə, daha yaxşı olardı:

“Bibiheybət məscidinin yanından İçərişəhər metrostansiyasına doğru 53 saylı marşrutun sayında artım hiss olunur. İnterval  1 dəqiqə olsa da, sərnişin sıxlığı müşahidə olunur. Ona görə də, pik saatlarda marşrut sayı artırılmalıdır”.

BŞDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Redaktor.az-a açıqlamasında vurğulayıb ki, bugünkü tıxaca səbəb sürücülərin çoxunun xəbərdarlıqdan xəbərsiz olmasıdır:

“Sürücülərin əksəriyyəti Bakı şəhər Halqası üzrə avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasından xəbərsizdirlər. Bayıl qəsəbəsi, 20-ci sahə və ümumiyyətlə, cənub tərəfdən “Azneft” dairəsi kimi tanınan əraziyə  yaxınlaşmaq istəyən sürücülər, alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə hərəkət edə bilərlər.

Cənubdan bu istiqamətlə hərəkət edərək  hava limanı, Günəşli və Əhmədli qəsəbəsi, Xətai rayonu istiqamətində getmək istəyənlər Bayıl qəsəbəsindən daxili yolla, Mikayıl Hüseynov küçəsindən keçməklə Mehdi Hüseyn, Teymur Elçin, Lermontov küçəsi, eləcə də Parlament prospekti istiqaməti üzrə hərəkət etsinlər.

Eyni zamanda Tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər”.

DYP rəsmisi onu bildirib ki, vətəndaşlar aprelin 18-dən 30-dək olan müddətdə  ictimai nəqliyyat vasitələrindən istifadə etsələr daha yaxşı olar:

“Milli Park istiqamətində getmək istəyən piyadalar aprelin 24-dək onlar üçün ayrılmış  xüsusi yerüstü piyada keçidlərindən istifadə etməlidir. 25 aprel tarixindən isə bileti olan piyadalar üçün Dənizkənarı Milli Park üzrə hərəkət sərbəstdir”.

Onu da qeyd edək ki, 26-28 aprel tarixlərində baş tutacaq “Formula 1” yarışı ilə əlaqədar 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Gülşən Şərif/ Redaktor.az