Qazın limiti 2 dəfə artırılsın - Parlamentdə təklif

 13:11 23.04.2019     925

"Bu gün iki vacib məsələni gündəmə gətirdim. Qaz xalqımızın təbii sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir".

Redaktor.az bildirir ki, bu sözləri millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili hesab edir ki, limitin tamamilə ləğv olunması tələbləri olsa da, ancaq real variantı dəyərləndirmək lazımdır:

“Əhalinin müxtəlif təbəqələrindən aldığım şikayətlərə reaksiya verərək əhalinin istehlak etdiyi qaza qoyulan limitə yenidən baxılmasının vacibliyini vurğuladım. Burada limitin 1700 kubmetrdən 2 dəfə qaldırılaraq 3.400 kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox hallarda qazdan istifadədən imtina edirlər”.

Millət vəkili Qənirə Paşayeva da Milli Məclisdə əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib:

“Xüsusilə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar etdikləri müraciətlərdə təbii qaz limitinin artırılmasını xahiş edirlər. Əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq, əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılması çox vacib məsələdir. Müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıram”.

Firuzə Vahid / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən