Yeni komandada xəyanət edənlərə yer yoxdur: Proses davam edir - Sabiq nazirdən ŞOK SÖZLƏR

 13:27 25.04.2019     1162

Prezident ölkə iqtisadiyyatının yeni – daha sürətli inkişaf yoluna çıxarmasına start verib.

Redaktor.az bildirir ki, sabiq maliyyə naziri Fikrət Yusifov ölkədə aparılan kadr islahatlarına münasibət bildirib. Sabiq nazir hesab edir ki, vəzifədən uzaqlaşdırılan yaşlı kadrların demək olar ki, hamısı artıq öz vəzifələrinin öhdəsindən gələ bilməyənlər idi:

“Prezident seçkilərindən ötən bir il ərzində ölkədə çox böyük kadr islahatları aparıldı. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən bəzi kadrlar yola salındı ki, bunların arasında yaşla bağlı olanlarla yanaşı, etimadı doğrultmayanlar da var idi. Belə olan halda heç şübhəsiz onun komandasında etimadı doğrultmayanlara, xəyanət edənlərə yer olmayacaq. Belələrinin çoxu artıq yola salınsa da, bu prossesin bundan sonra daha intensiv şəkildə davam edəcəyi gözlənilir”.

F.Yusifov vurğulayıb ki, ölkə başçısı yeni iqtisadi islahatlarla – neftdən asılı olmayan bir iqtisadiyyat formalaşdırmaq niyətini reallaşdırır:

“Bu istiqamətdə son dörd ilə yaxın vaxt ərzində kifayət qədər böyük işlər görülüb - strateji yol xəritələri daxil mümkün olan bütün qərarlar qəbul olunub. Ancaq təəssüflə də olsa demək lazımdır ki, bu gün qeyri-neft sektorundan ixracımızın həcmində hər kəsin 3-4 il bundan əvvəl gözlədiyi nəticələrədən çox uzaqdayıq. Bu isə icraçıların səriştəsizliyindən, Nazirlər Kabinetinin fəaliyyətindəki ətalətdən doğan bir haldır. İndiki dönəmdə Prezidentin etimad etdiyi hər kəs vəzifə başında maksimum səmərə ilə gecə-gündüz çalışmalıdır. Əks halda uğur qazanmaq mümkün deyil. Bu gün Prezident öz üzərinə düşəndən çox - çox artıq bir yük çəkir. Onun məqsədi Azərbaycanın qeyri-neft iqtisadiyyatını lazım olan bir səviyyəyə qaldırmaqdır. Kənardan bir müşahidəçi kimi deyə bilərəm ki, hələ də vəzifə başında oturan bir çox məmurlar var ki, öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər. Onlar ya bunu bacarmır ya da nə olursa olsun “məndən uzaq olsun” deyib, maksimum öz kürsülərini qorumağa çalışırlar. Belələri unutmamalıdır ki, bu şəkildə fəaliyyət onların sonunu daha tez yaxınlaşdırır”.

Sabiq nazir bəzi nazirliklərin son 1 ildəki fəaliyyətinə də diqqət çəkib:

“Bu bir il ərzində daha aktiv fəaliyyəti Vergilər Nazirliyi sərgilədi. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi də əhalinin sosial məsələlərinin həlli yolunda aktivlik nümayiş etdirdi. Təəssüf ki, bunu Kənd Təsərrüfatı nazirliyi barəsində demək mümkün deyil. Son aylarda ölkədə tərəvəzin qiymətlərinin sürətlə artması, 3 ay ərzində ət idxalının 40%-ə qədər çoxalması bu nazirlik üçün ciddi nöqsan kimi dəyərləndirilməlidir. Belə vəziyyətin yaranmasında kənd təsərrüfatı nazirliyinin keçmiş rəhbərliyinin ötən illərdə apardığı yanlış və yarıtmaz işlərin rolu nə qədər böyük olsa da, keçən bir ildə də aqrar sektorda elə bir irəliləyiş nəzərə çarpmır”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən