F.Ağamalıdan Fazil Mustafa ilə Vahid Əhmədova qarşı SƏRT AÇIQLAMA: "Getsinlər..."
Bütün iqtisadi, siyasi, sosial, psixoloji amillər qaz və elektrik enerjisinin limitinin aradan qaldırılmasını zəruri edir.
Redaktor.az bildirir ki, millət vəkili Fəzail Ağamalı qaza və işığa qoyulan limitin ləğvi məsələsinə münasibət bildirib. Deputat hesab edir ki, avropalılar əmək haqqının 1-2 faizini, soydaşlarımız isə 15-20 faizini kommunal xərclərin ödənilməsinə sərf edir:

“2018-ci il seçkilərində xalqımızın yüksək etimadını qazanan Prezident İlham Əliyev son on beş ildə davamlı xarakter daşıyan islahatların dərinləşməsi prosesinə start verib. Bu islahatlar cəmiyyətimizin bütün tərəflərini əhatə etməkdə, sistemli, davamlı və kompleks mahiyyət daşımaqdadır. Son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi və hər iki enerji daşıyıcısının qiymətlərinin əvvəlki səviyyəsinə qaytarılması ilə bağlı geniş və ardıcıl xarakter daşıyan təkliflər kifayət qədər aktuallaşıb. Bu müzakirələrdə istifadə olunan təbii qazın və elektrik enerjisinin pulunu ödəyə bilməyən çoxminli sadə vətəndaşlarımızla bərabər, iqtisadçılarımızın, millət vəkillərimizin də rəyləri sosial şəbəkələrdə və KİV-də geniş miqyas almaqdadır”.
Fəzail Ağamalı həmkarları - Fazil Mustafa və Vahid Əhmədovun irəli sürdüyü fikirlərlə razı olmadığını qeyd edib:
“Müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdır. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla. Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda təbii qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedir. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi” ilə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqe ortaya qoya bilərdilər”.
Millət vəkili təbii qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini konkret arqumentlərlə əsaslandırıb:
“Azərbaycan ölkə prezidentinin də dediyi kimi, neft-qaz ölkəsidir və bu, Azərbaycan xalqının milli sərvətidir. Bu reallıq və reallıqdan doğan məntiq neft-qaz məhsullarının əhalimizə adekvat qiymətlərlə satılmasını tələb edir. Təbii qazın nisbi satış qiymət əmsalı Azərbaycanda qaz idxal edən Avropadan orta əmək haqqı və orta pensiya məbləğinə nisbətdə yüksəkdir. Bakı və respublikanın digər şəhərlərində, rayon mərkəzlərində tam mərkəzləşdirilmiş istilik sistemi olmadığına görə əhalimizin mütləq əksəriyyəti “Kombi” deyilən lokal istilikdən istifadə edir. Araşdırmamız göstərir ki, bu tip istilik sistemindən istifadə edən ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırmaq üçün limitli aylıq xərci 80-90 manat (bu vur-tut 1-1,5 aya kifayət edir), limitsiz 160-180 manatdı. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir.
Respublikanın kənd və qəsəbələrində, xüsusilə qışın sərt keçdiyi bölgələrdə isə bu baxımdan vəziyyət daha kəskindi. Bir qayda olaraq kənd yerlərində “Ceyran peçi” deyilən istilikdən istifadə olunur. 70-80 m2-lik mənzili 25-27 dərəcə qızdırmaq üçün “Ceyran peçi”nin aylıq qaz sərfiyyatının maliyyə tutumu 110-120 manat civarındadır. Bura 20-30 manat elektrik xərcini də əlavə etsək, mənzərə aydın olar”.
F.Ağamalı vurğulayıb ki, bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi və xalqımız tərəfindən yüksək dəyələndirilən sosial islahatlarla uzlaşmır:
“Digər tərəfdən aparılan islahatlar insanlarımızın həyat səviyyəsinin yüksəldilməsilə bərabər, istehsalın stimullaşdırılması ilə ölkəmizdə istehsal olunan məhsulların maya dəyərinin aşağı olunmasını da önə çəkir. Qazın tətbiq edildiyi sənaye və kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı olması həm daxili bazarda onun alıcılıq imkanlarını artırar, həm də ixrac edilən ölkələrdə rəqabət səviyyəsini dayanıqlı edərdi”.
Millət vəkili limitin saxlanılmasının, qaz və elektrik enerjisinin qiymətinin yüksək olaraq qalmasının ekologiyaya vurduğu zərərə də münasibət bildirib:
“Bu bahalıqdan alınan “gəlirdən” qat-qat çoxdur. Hesablamalar göstərir ki, qaz və elektrikə limitin tətbiq olunması meşə massivlərinin qırılması və odundan istifadəni ən azı 30% artırıb. Meşələrin kütləvi şəkildə qırılması ekoloji katastrofdu və içməli su böhranının daha da dərinləşməsidir, içməli su resurslarının kəskin azalmasıdır, hava kütləsinin zəhərlənməsidir, bütövlükdə ölkədə aparılan ekoloji siyasətə zərbədir. Bütövlükdə, limitlərin aradan qaldırılması konkret sahələrin mənafeyinə gətirdiyi “zərər” ölkə maraqlarına verə biləcəyi səmərədən və əhəmiyyətli nəticədən qat-qat aşağıdır və hər iki sahədə limitin ləğv edilməsi mahiyyət etibarilə aparılan dərin islahatların tərkib hissəsi kimi qəbul edilməlidir”.
Firuzə Vahid / REDAKTOR.AZ












