İmişlidə silsilə oğurluq edən rayon sakinləri saxlanılıb

 17:00 26.04.2019     339

İmişlidə silsilə oğurluq edən rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, fevralın 8-də İmişli rayonu Məcrəli kənd sakini Surət Şahbazlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 12 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Azər Əliyev və İsmayıl İsmayılzadə saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan qızıl-zinət əşyalarının müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində A.Əliyevin və İ.İsmayılzadənin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 12 baş xırdabuynuzlu heyvan və avtomobildən 400 manat pul oğurladıqları məlum olub.

 

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.