Fazil Mustafa həmkarına CAVAB VERDİ: "Populizmdən qazanc götürmək istəyənlər..."

 18:13 26.04.2019     1406

Millət vəkili Fazil Mustafa həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi iradlara cavab verib.

Redaktor.az bildirir ki, Fazil Mustafa son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan həmkarının da yararlanmaq fikrində olduğunu qeyd edib:

“Əlbəttə, onun hər hansı fikrinə hörmətlə yanaşıram və burada hansısa neqativ məna axtarmaq niyyətindən uzağam. Hətta Fəzail müəllim öz populist izahında daha da irəli gedərək qazın və işığın bütün vətəndaşlar üçün ödənişsiz olmasını təklif etsəydi belə, yenə də buna bir təklif kimi normal yanaşardım. Çünki təklif irəli sürmək bir hüquqdur və bizlər də millət vəkili olaraq öz hüquqlarımızdan istifadə edirik”.

Millət vəkili vurğulayıb ki, təklifində daha realist və həlli mümkün olan varianta üstünlük verib:

“Bununla müvafiq qurumlar öz qərarlarında düzəliş edərkən bir neçə alternativi gözdən keçirmək imkanı əldə etsinlər. Allah etsin ki, qaz və işığı ümumiyyətlə pulsuz etsinlər, yaxud da Fəzail müəllimin arzuladığı kimi ümumiyyətlə, limiti qaldırsınlar, burada hay-küy qoparmaq üçün hansısa bir əsas yoxdur axı... İşdir birdən bizim söylədiyimiz realist varianta üstünlük verilərsə, o halda hörmətli Fəzail müəllim qeyd edəcəkmi ki, ölkə prezidenti öz keçirdiyi islahatların mahiyyətinə zidd qərar qəbul edilməsinə göz yumub? Sözsüz ki, limitin tətbiq olunması barədə qərarda olduğu kimi, bu qərar da ənənəvi olaraq ölkə prezidenti ilə razılaşdırılaraq verilə bilər. Əslində ölkə prezidenti bütün məsələlərə praqmatik yanaşması ilə tanınan siyasətçi olduğundan cəmiyyətdən gələn mesajları bizsiz də, Fəzail müəllimsiz də dəqiq oxuya bilir və ümid edirəm ki, vətəndaşların marağına uyğun ən doğru qərarı da verəcəkdir”.

Millət vəkili vurğulayıb ki, qeyri- peşəkar iradlara rəğmən bundan sonra da səsləndirəcəyi təkliflərin populizmdən uzaq, reallığa uyğun və vətəndaşların maraqlarına cavab verən formada olmasına hər zaman səy göstərəcək.  

Xatırladaq ki, millət vəkili Fəzail Ağamalı qaz və elektrik məsələsi ilə bağlı həmkarları - Fazil Mustafa və Vahid Əhmədovun fikirləri ilə razılaşmadığını bildirib:

“Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda təbii qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedir”.

Firuzə Vahid / REDAKTOR.AZ