Dini dərslər şagirdlərə nə qazandıracaq? - EKSPERT RƏYİ

 13:32 30.04.2019     460

“Ali və orta məktəblərdə dini biliklərin verilməsi, dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil”.

Bunu təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, əksər ölkədə, o cümlədən qonşu Gürcüstan və Rusiyada dini biliklərin verilməsi ilə bağlı proses artıq başlanıb:

“Yeni qərarın mahiyyəti, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirməkdən ibarətdir. Yəni, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir”.

Ekspert vurğulayıb ki,  dini biliklərin tədrisi həm şagirdlərin dini cəhətdən sağlam əsaslar üzrə savadlanmasına, həm də tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənməyə imkan verəcək:

“Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, aşağı siniflərdən başlayaraq dini biliklər tədris olunsun. Dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun”.

Kamran Əsədova görə, dini biliklərin tədrisini aparan müəllimin dinin əmr və qadağalarına riayət etməsi, əxlaq və davranışı, həyat tərzi ilə tələbələrə nümunə olması vacibdir:

“Dini biliklərin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünya görüşünün məhdudluğu dini biliklərin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir. Bir də vurğulamaq istəyirəm ki, əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır”.

Təhsil eksperti onu da qeyd edib ki, dini biliklərin tədrisi mənəvi və dini boşluğun doldurulmasına  böyük töhfə verəcək:

“Gənclər islamı düzgün dərk etmədikdə, yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin aradan qaldırılmasına imkan verəcək”.

Xatırladaq ki, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Dərslik vəsaiti  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə hazırlanıb.

Gülşən Şərif/ Redaktor.az