Ceyhun Bayramov ADNA terrorunun qurbanlarının xatirəsini yad edib - FOTOLAR

 13:33 30.04.2019     358

Təhsil naziri Ceyhun Bayramov bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (əvvəlki Azərbaycan Dövlət Neft Akademiyası) gələrək 10 il əvvəl baş vermiş terror aktının qurbanlarının xatirəsini yad edib.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, nazir terror zamanı həlak olanların yaxınları ilə görüşüb, terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin qarşısına əklil qoyub.

Nazir həmçinin sosial şəbəkədəki səhifəsində qeyd edib ki, bu məşum hadisə şiddətə, terrora yox deməyə, insani dəyərləri daha çox bölüşməyə səsləyir: "İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm".

Qeyd edək ki, 2009-cu il aprelin 30-da saat 9:30 radələrində ADNA-nın ikinci korpusuna daxil olan şəxsin birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında ADNA-nın professorları, müəllimləri, laborantları və tələbələri olub.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən daha dörd nəfər cəzalandırılıb.

2222