Hərbi Prokurorluqda Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə bağlı konfrans keçirilib - FOTOLAR

 14:32 30.04.2019     403

Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə əlaqədar “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktik konfrans keçirilib.

Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, tədbir iştirakçıları - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, üzvü Bəhrəm Zahidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, sədr müavini Vahid Abudurəhmanov və Hərbi Prokurorluğun rəhbər vəzifəli işçiləri əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə olan dərin ehtiramlarını bildiriblər.

Konfrans başlamamışdan öncə ümummilli liderin müqəddəs ruhu sükutla yad edilib. Ardınca konfransı açıq elan etməklə, çıxışına başlayan Hərbi prokuror Xanlar Vəliyev fövqəlbəşər Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin qurulması və formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açaraq, ulu öndərin müəyyən etdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş böyük nailiyyətləri diqqətə çatdırıb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizin rəhbəri olmuş ümummilli lider Heydər Əliyev təkcə qeyd olunan dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərməklə, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız, əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünü təsdiq etmiş, müstəqil dövlətdə suveren yaşamağı və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birinin də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğunun təşkil etdiyini vurğulayan Xanlar Vəliyev bildirib ki, 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər ölkəmizdə SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsini, həmin zavodlarda o dövrün ən müasir texnologiyaları tətbiq olunmaqla keyfiyyətli hərbi sənaye məhsulların istehsalını, milli hərbi kadrların hazırlanmasını və bu sahədə digər zəruri tədbirlərin görülməsini təmin etməklə, müstəqillik əldə olunmasından illər öncə ilkin milli hərbi bazanın ən yüksək səviyyədə təşkilinə nail olub.

Xanlar Vəliyev qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüzün, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin, habelə ölkə daxilində siyasi çəkişmələrin mövcud olduğu, vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə, 1993-cü ildə xalqın israrlı çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq, dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas etməklə, Azərbaycanı keçmiş Sovetlər Birliyindən miras qalmış rejimdən çıxararaq, ölkəmizin güclü iqtisadiyyatı və Silahlı Qüvvələri olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub.

Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə dayanan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti, mükəmməl rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən, ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsindən, dövlətimizin daha da qüdrətlənməsindən bəhs edən Xanlar Vəliyev bildirib ki, Azərbaycan qeyd olunan dövrdə misli görünməmiş uğurlar əldə edib, ölkənin müasirləşməsi sahəsində möhtəşəm layihələr icra olunub, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb. Hərbi prokuror həmçinin qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla, dünya dövlətləri sırasında mövqeyini də gücləndirib. Ulu öndər Heydər Əliyevin mükəmməl ordu quruculuğu strategiyasının müdrik lider İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilməsi nəticəsində maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah və digər hərbi texnika ilə zənginləşdiriib, şəxsi heyəti dərin nəzəri biliklərə və peşəkar vərdişlərə malik hərbçilərdən komplektləşdirilmiş, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırıldığını vurğulayan Hərbi prokuror, 2003-cü ildən bu günə qədər hərbi xərclərimizin 15 dəfə artmasından, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavodun yaradılmasından, bu zavodlarda istehsal olunan 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların hesabına ordumuzun potensialının gücləndirilməsindən, eyni zamanda hərbi məhsullarımızın digər ölkələrə ixrac olunmasından, bununla bərabər, xarici ölkələrdən ən müasir hərbi texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da gücləndirilməsindən geniş söz açıb. Ardınca Hərbi prokuror Silahlı Qüvvələrimizin qüdrətini və nəyə qadir olduğunu sübut edən 2016-cı ilin “aprel” və 2018-ci ilin “may” döyüşlərindən, həmçinin yüksək səviyyədə keçirilən möhtəşəm paradlardan bəhs edib. “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuzun 52-ci yeri tutmasını, bununla da, Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunun bir daha öz təsdiqini tapmasını və bunun təsadüf olmadığını xüsusi vurğulayan Xanlar Vəliyev, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş zəruri tədbirlər sayəsində hazırda Silahlı Qüvvələrimizdə mövcud olan ciddi nizam intizamdan, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmlənməsindən, şəxsi heyətin peşəkar hazırlığından, yüksək döyüş ruhundan, eləcə də Hərbi Prokurorluğun səmərəli fəaliyyətindən, nəticədə Silahlı qüvvələrdə baş verən cinayətlərin, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasından danışmaqla, nitqinin davamında bildirib ki, ötən ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər fərqli illərlə müqayisəli təhlili aparılarkən məlum olub ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 1000 dəfə; tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2007-ci illə müqayisədə 2 dəfə; hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə 2 dəfə; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7%; hakimiyyətdən sui-istifadə etmə 1998-ci illə müqayisədə 36,0 %; qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci illə müqayisədə 51,4 %; qeyri-hərbi cinayətlər 1998-ci illə müqayisədə 10,2%, 1998-ci illə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə və özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar barədə nitqini davam etdirən Xanlar Vəliyev, bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayaraq, onun görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin hərtərəfli və sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılması istiqamətində zəngin və dəyərli fəaliyyəti barədə geniş çıxış edib.

Daha sonra, millət vəkilləri Musa Quliyev, İlham Məmmədov, professorlar Cəlil Xəlilov və Bəhrəm Zahidov böyük şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı həyatından, ali idarəçilik təcrübəsindən, çoxşaxəli fəaliyyətindən, onun uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı möhtərəm Prezident, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərək, geniş nitqlər söyləyiblər.

Sonda Xanlar Vəliyev, 11 aprel 2018-ci il tarixdə Azərbaycan xalqının növbəti dəfə düzgün seçim etdiyini, bu müdrik seçimin ümummilli liderə və möhtərəm Prezident İlham Əliyevə xalqda yaranmış sonsuz inam və sevgidən irəli gələn zərurətdən doğduğunu xüsusi vurğulayaraq bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, o cümlədən dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın daha da möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan bu siyasəti daim dəstəkləyəcəkdir.

22222222