Elmar Məmmədyarov Corc Kent ilə görüşüb

 21:14 30.04.2019     287

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşüb.

XİN-dən Redaktor.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələr üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.