"Əhali QAZ PULUNU ödəməkdə ciddi çətinlik çəkir" - Millət vəkilləri DANIŞDI

 10:20 01.05.2019     1109

Qazın limitinin artırılması hər bir halda irəliyə doğru addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.

Redaktor.az bildirir ki, millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirib. Millət vəkili hesab edir ki, rəqəm 3000 kubmetri keçsəydi, məsələ öz həllini tapdığını demək olardı:

“Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda, bundan sonra da məsələ diqqətimizdə olacaq. Elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var. Ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaq”.

Məsələ ilə bağlı millət vəkili Qənirə Paşayeva da münasibət bildirib. Millət vəkili qazın limitinin artırılmasını müsbət addım sayır:

“Vətəndaşlarımızın bu məsələ ilə bağlı xahişlərini bir neçə gün əvvəl Milli Məclisdə qaldırmışdıq. Xüsusilə, maddi imkanları aşağı olan vətəndaşları nəzərə alaraq, əhaliyə verilən qaz limitinin artırılması xahişi ilə çıxış etmişdim. Çünki bir çox vətəndaşlarımız qaz pulunu ödəməkdə ciddi çətinlik çəkir. Ölkə başçısına vətəndaşlara dəstək olacaq humanist addım atdığı üçün təşəkkür edirik”.

Firuzə Vahid / REDAKTOR.AZ