Daxildə kimlərsə islahatlara qarşı ola bilər? - V.Əhmədov: "Rüşvətin qarşısını kəsir axı..."

 16:57 01.05.2019     1069

İslahatların alternativi yoxdur və mütləq getməlidir.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında islahatlarla bağlı çıxışına münasibət bildirib. Deputat hesab edir ki, prezidentin də qeyd etdiyi kimi idarəetmədə kadr islahatlarına çox böyük ehtiyac var:

“Ölkə başçısı dünənki iclasda Azərbaycan əhalisinə və hökumətinə çox ciddi mesajlar verdi. Azərbaycanda kadr islahatları həyata keçirilsə də, idarəetmədə təkrarçılıq hələ də qalmaqdadır. İstər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında təkmilləşməyə çox böyük ehtiyac var. Prezidentin artıq bir sıra qurumların özəlləşdirilməsi ilə bağlı çıxışı, nazirlik və komitələrin birləşdirilməsi, yerli icra hakimiyyəti orqanlarının aparatında müəyyən ixtisarların edilməsi və s. çox mühüm məqamlardan xəbər verir. Ümumiyyətlə, regionda da müəyyən idarəetmə strukturunun dəyişdirilməsi ən ümdə məsələlərdən biridir və bunlar həyata keçiriləcək”.

Millət vəkili hesab edir ki, Azərbaycanda siyasi islahatların davamlı olması dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə bağlıdır:

“Fikir verdinizsə, prezident "ASAN xidmət"lə əlaqəli müəyyən sıxlıq olmasını əsas gətirərək, bu mərkəzlərin sayının artırılması üçün göstəriş verib. Adi bir misalı qeyd edim. Dünən qazın limitinin artırılması ilə bağlı qərar verildi. Bu məsələ də, əhali arasında çox böyük rəğbətlə qarşılandı. Vətəndaşlar arasında qazın limiti ilə bağlı problemlər var idi. Doğrudur, əhalinin əksər hissəsi (70%) 1700 kubmetr limiti keçmirdi, cəmi 30%-i bu limiti keçirdi. Amma buna baxmayaraq, ölkə başçısı humanist addım ataraq, limitin 500 kubmetr artırılmasına qərar verdi”.

V.Əhmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənqiliyevin “islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək” fikrinə də münasibət bildirib:

“Hər bir fikrə müsbət yanaşıram. Amma belə hesab edirəm ki, Azərbaycanda başlayan islahatlara və onların dərinləşməsinə daxildən və xaricdən heç kim mane ola bilməz. Dövlət başçısı öz siyasi iradəsini ortaya qoyduğu üçün bu islahatlar gedəcək. Azərbaycan Avropaya inteqrasiya edən dövlətdir. Bu islahatlar həyata keçrilməlidir ki, ölkəmizin həm dünyada imici yüksəlsin, həm beynəlxalq reytinq agentlikləri ölkədəki vəziyyəti yüksək qiymətləndirsin. Digər tərəfdən, bu islahatların başlıca məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdır. Burada qeyri-adi heç nə yoxdur. İslahatların həyata keçirilməsi dövlətimizin ixtiyarında olan bir məsələdir. Ona görə də, buna heç kim mane ola bilməz. Əksinə, xarici qüvvələr Azərbaycanda gedən islahatların həyata keçirilməsində maraqlıdır. Daxildə ola bilər ki, müəyyən qüvvələr bu islahatlara qarşı olsun. Çünki islahatlar müəyyən qədər rüşvətin, korrupsiyanın qarşısını alır. Yeni təyin olunan nazirlər (düzdür, onlar hələ nazir kimi püxtələşməyiblər) öz fəaliyyətlərini şəffaf qurublar. Bu isə bəzi insanların müəyyən qədər maliyyə bazarına təsir edəcək. Amma bütün bunlara baxmayaraq, iradə var və bu islahatlar həyata keçəcək”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən