Millətin passiv vəkilləri... - Parlament müxbiri konkret ad çəkdi / ŞOK

 14:15 01.05.2019     704

Son vaxtlar erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı müxtəlif səviyyələrdə dedi-qodular dolaşır. 

Bu fikri daha çox əksər millət vəkillərinin dövrün, islahatların sürətinə adekvat olmamaları ilə əlaqələndirirlər. Redaktor.az maraqlı bir yanaşma edib. Millət vəkillərini Parlament jurnalistlərindən soruşub. Çünki kimin çox, kimin az işləməsini onlardan yaxşı bilən yəqin ki, yoxdur. Yaxud kimin fəal, kimin passiv deputat olduğunu onlar da yaxşı bilir. Başlayaq, Report.az-dan:

“Report.az”-ın  parlament müxbiri İlkin Pirəli  Redaktor.az-a açıqlamasında gənc deputatların passivliyinə xüsusi diqqət çəkib:

“Milli Məclisin tərkibi yenilənməlidir. Azərbaycan hökuməti islahatlar həyata keçirir, amma parlamentin mövcud tərkibi bu formata cavab vermir. Təsəvvür edin, elə deputat var ki, internetdən anlayışı yoxdur, xəbər saytlarını izləmir, oxuduğu yalnız bir-iki qəzetdir. Belə deputat müasir dövrlə necə ayağlaşa bilər? Ad çəkib, kimisə hədəf götürmək fikrindən uzağam. Parlament daim fəaliyyətdə olan strukturdur, deputatlar öz üzərlərində işləməlidir. Elə başa düşülməsin ki, təkcə yaşlı millət vəkillərindən söhbət gedir. Düzdür, onlar da var, amma elə gənc deputatlar var ki, fəaliyyəti onlardan da zəifdir. Milli Məclisin plenar və komitə iclaslarında çıxış etmir, təklif vermir. Nə olsun ki, gəncdir... Parlamentin sədri Oqtay Əsədov həmişə çıxışlarında deputatları fəal olmağa çağırır.Fikrimcə, növbəti parlament seçkilərində bu məsələyə diqqət etmək lazımdır.  

"Modern.az" saytının parlament müxbiri Namidə Bingöl də, müasir düşüncəli millət vəkillərinə ehtiyac olduğunu düşünür:

“Hər 5 ildən bir parlament üzvlərinin müəyyən faizi dəyişir. Parlamentdə yeni simalar təmsil olunursa, bu mextəlif səviyyəli yeniliklərlə müşaiyət olunmalıdır.  Zaman-zaman parlamentdə yaşlı  deputatların sayının azaldılması məsələsi gündəmə gəlir. Reallıq budur ki, təmsil olunan yeni deputatların heç də hamısı yaşlı həmkarlarından fərqlənmir. Onlar aktivlik nümayiş etdirə bilmirlər. Hər hansı bir vacib məsələyə münasibət öyrənmək zərurəti yarananda, müraciət etdiyimiz gənc deputatların əksəriyyəti cavab verməkdə çətinlik çəkir. Məcbur qalıb yenə də yaşlı millət vəkillərinə müraciət edirik. Gənc deputatların dil bilgisinə sahib olmaları çox yaxşı haldır. Məsələ bununla bitmir...”

“Unikal.org” saytının parlament müxbiri Hüseyn İsgəndərovun da mövqeyi həmkarlarının dedikləri ilə üst-üstə düşür: 
 
“Parlamentdə dəyişikliyin olmasına çox ehtiyac var. Ən passiv millət vəkillərindən bir neçəsinin adını çəkmək olar. Bu sırada Əlağa Hüseynov, Tahir Süleymanov, Hüseynbala  Mirələmov, Ağacan Abiyev və başqalarını misal çəkə bilərəm. Hətta siyahını bir qədər də genişləndirmək olar. Ümumiyyətlə, növbəti parlament seçkilərində müasir dünya görüşünə, yeni  innovativ çağırışlara cavab verən gənclərin təmsil olunması çox yaxşı olardı”.

"Şərq” qəzetinin parlament müxbiri Anar Bayramoğlu Redaktor.az-a deyib ki, bəzi deputatların işi sadəcə düymə basmaqdan ibarətdir:

“Deputatlarımız seçicilərinin hüquqlarını qorumalıdır, seçildiyi dairənin problemlərini qaldırmalıdırlar. İddia etmirəm ki, 125 deputatın hamısı iclaslarda susub otururlar. Millətin vəkilliyini bacardığı qədər yerinə yetirən, seçicilərinin dərd-sərini səsləndirən millət vəkilləri var. Ancaq bu millət vəkillərinin sayıazdır. Passivliyi ilə seçilən deputatlar daha çoxdur. Passiv plenar iclaslarda susanlara deyirəm. Onların adlarını çəkməyə ehtiyac yoxdur. Zatən mətbuatdan 3 iclası davamlı izləyən hər kəs, passivlərin, susqunların kim olduğunu biləcək və ya bilir. Elə millət vəkili var ki, onun 7 ildə səsini belə eşitməmişəm. Plenar iclasda ağzına su alıb oturanların sayı çoxdur. Ona görə də, düşünürəm ki, parlament tərkibinin yenilənməsi lazımdır. Milli Məclisdə rəngarənglik olsa daha yaxşıdır. Fikir müxtəlifliyi mühüm amildir. Mətbuat nümayəndələri, vətəndaş cəmiyyəti üzvləri, gənclər təşkilatlarının fəallarının çoxluq təşkil etməsi yaxşı olardı”

"Olaylar.az" saytının parlament müxbiri Alim Hüseynli isə məsələyə bir balaca fərqli yanaşdı: 

“Düşüncə tərzinin yenilənməsinə daha çox ehtiyac var. Deputatları dəyişməklə fikir plüralizmini təmin etmək düzgün yanaşma deyil. O ki, qaldı konkret olaraq qeyri-fəal deputatlara, onların sayının çox olması fikri ilə mən də razıyam. Demək olar ki, parlamentdə həm təkliflə çıxış edən, həm də məsələlərə münasibət bildirənlər eyni simalardır. Buna baxmayaraq, növbəti parlamentdə çoxlarını görmək istəməzdim”.

Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Redaktor.az-a açıqlamasında, parlamentin yenilənməsinə ehtiyac olduğunu bildirmişdi.

Gülşən Şərif/ Redaktor.az