Millət vəkilindən ANONS: Bu məmurlarla sağollaşmalı olacaqlar
Günün tələbinə uyğun fəaliyyət göstərə bilməyən məmurlarla şübhəsiz ki, sağollaşmalı olacaqlar.
Millət vəkili Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında mərkəzi və yerli icra orqanlarının fəaliyyəti ilə bağlı çıxışına münasibət bildirib. Deputat hesab edir ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları insanlarla işləməyi bacarmalı və insanların problemlərini diqqətdə saxlamalıdır:
.jpg)
“Bu gün hər bir vəzifəli şəxs ölkə başçısından nümunə götürməlidir. Doğrudur, prezidentin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə bağlı iradı bütün səlahiyyətli şəxslərə ünvanladığını düşünmürəm. Ancaq fəaliyyəti tənqid edilən məmurlar tənqidlərdən nəticə çıxarmalıdır. Əks halda, həmin məmurlarla sağollaşmalı olacaqlar. Yerli qurumlar, idarəetmə sistemi yeniləşməli, müasirləşməli, vəzifədə olan səlahiyyətli şəxslər insanlara yaxın olmalı və cənab prezident kimi işləməyi bacarmalıdır”.
Millət vəkili Aqil Abbas da məsələ ilə bağlı saytımıza danışıb. Deputat hesab edir ki, bəzi məmurlar artıq prezidentin iradlarından nəticə çıxarıb:

“Prezidentin bundan əvvəlki tənqidlərindən sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində xeyli dəyişiklik var. Əvvəla mərkəzi icra orqanlarında nəinki nazirlər, hətta onların müavinləri də rayonlara görüşlərə gedir və problemlərin yerindəcə həllinə çalışırlar. Nazir müavinləri, idarə rəislərinin rayonlarda şikayətçilərlə görüşlərinin sayında ciddi artım var. Bu faktlar tənqiddən nəticə çıxaranların olduğunu göstərir. O cümlədən, yerli icra hakimiyyəti orqanları da həm səyyar, həm də kabinetlərində qəbul günləri keçirir. Ölkə başçısının tənqidlərindən sonra məsələlər müsbətə doğru dəyişməkdədir”.
Millət vəkili vurğulayıb ki, istər nazir, istər komitə sədri, istər millət vəkili, istər icraedici orqanlar, istərsə də qəzet redaktoru-hər kəs öz üzərinə düşən vəzifəni düzgün və nizamla yerinə yetirməlidir:
“Əgər bunu etməsələr, aparılan islahatların, imzalanan fərman və sərəncamların nəticəsi olmaz”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mərkəzi və yerli icra orqanlarının fəaliyyətindən narazılığını dilə gətirib:
“Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.
Firuzə Vahid / REDAKTOR.AZ












