Hamının DAYISI...

 15:56 02.05.2019     674

Onunla ilk tanışlığımız 1998-ci ilə təsadüf edir.

Tanış olduğumuz məkanda hamı onu ”dayı” deyə çağırırdı. İlk baxışdan bu elə də təəccüblü deyildi. Lakin görəndə ki yaşca böyük olanlar da ona “dayı” deyə müraciət edirlər, onda bu, mənə maraqlı gəldi. Qısa müddət keçəndən sonra mən özüm də bu insana “dayı” deyə müraciət etdim. Ən maraqlısı da o idi ki, həmin şəxs həm özündən yaşca böyüyə, həm də kiçiyə “dayı” deyə müraciət edirdi.

Birgə xidmət etdiyimiz 21 ildə bu adam tabeçiliyində olanlara heç vaxt əsəbləşmədi, heç kimin xətrinə dəymədi, səhvi olanları başa saldı, problemi olanların problemini özünki kimi qəbul edib, onları həll etməyə çalışdı.

O, həm yazıçı, həm publisist, həm tərcüməçi, həm də tədqiqatçı jurnalistdir, bir sözlə özünün dediyi kimi yazı-pozu adamıdır. Özü bunu qəbul etməsə də, deməliyəm ki, o, öz əsərləri ilə Azərbaycan tarixinin elə qaranlıq məqamlarına aydınlıq gətirib ki... O, bu əsərlərlə istənilən elmi adı da ala bilərdi. Yazdığı “Cəllad etirafı” (1999), “Sibir dərsi” (2000), “Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları” (2000), “Tariximiz və taleyimiz” (2001), “Azərbaycan xüsusi xidmətləri” (2004), “Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyatı” (2018), “Yüz ilin işığında” (2018) məhz bu əsərlərdəndir.

Bu insan həmişə olduğu kimi, bu gün də vətəninə, məmləkətinə, millətinə sədaqətlə xidmət edir. Özünün dediyi kimi “Biz həmişə Vətənin əsgərləriyik və son nəfəsimizə qədər ona xidmət etməliyik. Kimi silahı, kimi qələmi, kimi də zəkası ilə...”.

Yazımı böyük şairimiz Ramiz Rövşənin bir şeiri ilə bitirmək istəyirəm:

         Görən səni kim ovudar

         Ay məni ovudan adam?

         Özgə dərdi görən kimi

         Öz dərdin unudan adam.

 

         Xoş sözüylə, qılığıyla

         Qaməti, boy-buxunuyla,

         Süfrəsinin var-yoxuyla

         Yeri-göyü tutan adam.

 

         Dünyada nə su var, nə od var,

         Dünyada nə dost, nə yad var,

        Tanrıdan özgə bir ad var,

         Adam,

                 Adam,

                        Adam,

                             Adam...!

Bu şəxs hamımızın dayısı, Elşad Qoca oğlu İsayevdir. Qısaca Elşad Qoca.

60 yaşına xoş gəldin, DAYI!

Seymur Şeydayev