Bakıya yeni avtobuslar gətiriləcək - Bu tarixdə...

 16:44 02.05.2019     530

Bu il 300 ədəd yeni avtobus Bakıya gətiriləcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında bildirib ki, həmin avtobuslar yaxın aylarda ölkəyə gətiriləcək:

“Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara verilib. Avtobus parkının yenilənməsi işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, cənab prezident ötən ilin avqust ayında müvafiq sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq 300 ədəd müasir və komfortlu avtobuslar alınıb. Türkiyənin BMC şirkətinin istehsalı olan bu avtobuslar Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərə bütünlüklə cavab verir. Avtobusların yaxın aylarda paytaxtımıza gətirilməsi nəzərdə tutulub”.

BNA rəsmisi bildirib ki, müasir tələblərə uyğun, keyfiyyətli və ən əsası təhlükəsiz  nəqliyyat xidmətlərinin göstərilməsi dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının bir hissəsidir:

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi daim dövlətin diqqət mərkəzində olub. Dövlət başçısı tərəfindən bununla bağlı Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub. Möhtərəm cənab prezidentin diqqət və qayğısı sayəsində bu tapşırıqlar uğurla icra edilməkdədir. Görülən tədbirlərin əsas məqsədi vətəndaşa xidmətdir. Bakı Nəqliyyat Agentliyi bu ali məqsədə nail olmaq üçün zəruri olan bütün addımları atmaqdadır”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunan iclasda bildirib ki, Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən