"Medianın çətinliyi özünü maliyyələşdirmək imkanlarının məhdudluğudur" - 3 May Söz Azadlığı Günü
Müasir dünyada söz və mətbuat azadlığı prinsiplərinə yeni baxışlar yaranmaqdadır.
Redaktor.az bildirir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov 3 may Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü ilə bağlı məsələyə münasibət bildirib. Millət vəkili qeyd edib ki, “soyuq müharibə” başa çatdıqdan sonra planetin siyasi mənzərəsi ciddi şəkildə dəyişib:

“Azərbaycanda da hər il 3 may tarixi ölkənin media cameəsi tərəfindən geniş şəkildə qeyd edilir. Həm media sahəsində qəbul edilmiş qanuvericilik, həm jurnalistlərin sosial-məişət şəraitinin, həm də redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönələn tədbirlər ölkəmizdə mətbuat azadlığına həssas yanaşıldığının, ona xüsusi dəyər verildiyinin bariz nümunəsidir və buna görə hazırda mediamız bölgədə lider mövqeyə malikdir”.
Ə.Amaşov Azərbaycanda media azadlığı ilə bağlı problemlərin mövcudluğunu da dilə gətirib:
“Ümumən medianın başlıca çətinliyi onun iqtisadi cəhətdən özünü maliyyələşdirmək imkanlarının məhdudluğudur. Mövcud amil qeyri-peşəkarlıq meyllərinin nəzərə çarpmasını da şərtləndirməkdədir”.
MŞ sədri “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə də diqqət yetirib:
“2005-ci ildə baş vermiş bu faciə ölkəmizdə söz və mətbuat azadlığına qarşı böyük hücum idi. Qətli törədənlərin tapılıb məsuliyyətə cəlb olunmalıdır. Hüquq -mühafizə orqanlarını bu istiqamətdə aktiv fəaliyyət göstərməyə çağırıram”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da məsələyə münasibət bildirib. Millət vəkili hesab edir ki, söz və mətbuat azadlığı Azərbaycan üçün böyük nemətdir:
.jpg)
“Azadlıq anlayışına fəlsəfi nöqteyi-nəzərdən yanaşmaq lazımdır, çünki bu anlayış mənəvi tələbatdır. Jurnalistika cəmiyyət üçün həyati əhəmiyyət daşıyan və geniş sərhədlərə malik söz azadlığının yaşadılmasında müstəsna missiya daşıyan institutdur. Ölkəmizdə bu missiyaya həm ictimai, həm də dövlət idarəçiliyi baxımından məxsusi yanaşılır”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Beynəlxalq mətbuat və söz azadlığı Gününün önəmindən danışıb. Analitik müasir dünyada söz və mətbuat azadlığı prinsiplərinə yeni baxışların diqqət çəkdiyini qeyd edib:
.jpg)
“Yeni dövrün çağırışlarında söz azadlığındakı sərhədlər çox incə şəkildə müəyyənləşdirilir. Azərbaycan jurnalistlərinin də tələblərə uyğun, peşəkarlıq meyarlarını qoruyaraq universal şəkildə fəaliyyət göstərmələrinin zəruriliyi vacibdir”.
Xatırladaq ki, 1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə hər il mayın 3-ü “Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü” elan olunub.
Firuzə Vahid / REDAKTOR.AZ












