Avtomobildə uşağın təhlükəsizliyi necə təmin edilməlidir? - DYP-dən AÇIQLAMA

 12:44 06.05.2019     1162

12 yaşa qədər uşaqlar minik avtomobilinin qabaq oturacağında xüsusi oturacaqdan istifadə etməklə əyləşə bilərlər.

Bakıda baş verən yol qəzasında 12 yaşlı qızın avtomobilin yan şüşəsindən çıxaraq arxadan gələn maşına çırpılması uşaqların nəqliyyat vasitələrində təhlükəsizliyi məsələsini gündəmə gətirib. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, təhlükəsizlik baxımından 12 yaşdan aşağı uşaqların kəmərdən və ya xüsusi oturacaqdan istifadə etməsi təqdirəlayiqdir:

"Avtomobilin qabaq oturacağıyla bağlı sərnişindaşıma qaydalarını pozan sürücülərin hesabına 3 bal yazılır və 60 manat cərimə olunur. Avtomobilin arxa oturacağında oturan uşaqlarla bağlı isə konkret cərimə yoxdur”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Redaktor.az-a açıqlamasında bildirib ki, minik avtomobillərində uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı “Yol hərəkəti haqqında” qanunda konkret qaydalar göstərilib:

“12 yaşa qədər uşaqlar minik avtomobilinin qabaq oturacağında xüsusi oturacaqdan istifadə etməklə otura bilərlər. Bu tələb pozularsa, avtomobil saxlanılır və sürücüyə inzibati qaydada protokol tərtib edilir. Lakin arxa oturacaqda 12 yaşadək uşağın xüsusi oturacaqsız əyləşməsi inzibati məsuliyyət sayılmır”.

DYP rəsmisi sürücülərə tövsiyə edib ki, bütün hallarda uşaqların təhlükəsizliyinin təmin edilməsinə diqqət edilməlidir:

“Azyaşlı uşaqların həyat və sağlamlığının qorunması üçün nəqliyyat vasitələrində uşaqların təhlükəsizliyinin qayğısına qalmaq vacibdir. Hərəkətdə olan nəqliyyat vasitəsinin arxa oturacağında uşaqların sayına uyğun xüsusi oturacaq yerləşdirilməsi daha məqsədəuyğundur”.

Gülşən Şərif / Redaktor.az         

Vumart və Güvən reklamı Vumart Güvən