İsmayıllıda qəzalı evlərin bərpası davam edir - İcra başçısı AÇIQLADI
“Zəlzələdən sonra mütəxəssislər İsmayıllıda 455 evin bərpasına qərar verib”.
Redaktor.az bildirir ki, bunu hesabat tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bidlirib.
Onun sözlərinə görə, baş verən fəsadları aradan qaldırmaq üçün çox ciddi işlər görülüb:
“İsmayıllı zəlzələnin episentri olsa da, digər rayonlara nisbətdə daha az ziyan çəkib. Bu, daxil olmuş müraciətlərin sayında da özünü göstərir. Daxil olan 1272 ərizəyə əsasən 1257 evə baxılıb. Həmin ərizələrdən 9-u təkrar gəlib. Digər 6 ünvanda yaşayış olmadığına görə, onlara baxıla bilməyib. Bu müraciətlərdən 344 ev mütəxəssislər tərəfindən qənaətbəxş hesab edilib, 455 evin bərpasına, həmçinin 344 evin təmirinə qərar verilib.
Zəlzələdən ən çox ziyan çəkən evlərin sayı 114-dür. Onların hazırda 76-sı tikilmək üzrədir. Qalan evlər isə sökülərək, yeni ayrılan torpaq sahələrində tikiləcək. Nəticədə, sürüşmə sahələrində məskunlaşma olmayacaq. Cənab prezidentin zərər çəkmiş rayonlara vəsait ayırması böyük hadisədir”.
Xatırladaq ki, bu il fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.












