"Yayılan xəbərlərin hamısı yalandır" - “Palmali” şirkətlər qrupundan AÇIQLAMA / EKSKLUZİV
“Palmali” şirkətlər qrupunun həyata keçirdiyi sərmayə yatırımlarıyla bağlı son günlər təkcə Azərbaycanda deyil, Türkiyə mediasında da şirkət əleyhinə yazılar dərc olunmağa başlayıb.
Mediada yayılan xəbərlərlə bağlı “Palmali” şirkətlər qrupundan Redaktor.az-a verilən açıqlamada bildirilib ki, dərc olunan xəbərlərin hamısı yalandır:
“Şirkətin həyata keçirdiyi son sərmayə yatırımları bəzi insanlarda qıcıq yaradıb. Bu səbəblə, təkcə Azərbaycanda deyil, Türkiyədəki kiçik saytlarda da “Palmali”nin əleyhinə yazılar dərc etdirməyə başlayıblar. Bu yazılar sonradan mənbə kimi göstərmək məqsədilə yazılıb və hamısı yalandır. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik”.
Şirkət İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, "Palmali" Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək:
“Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir. Elə ona görə də, dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər?! Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur”.
Qeyd edək ki, Türkiyənin “Deniz Haber Ajansı” adlı media orqanında dərc olunan məqalədə “Palmali” şirkətlər qrupunun təsisçisi və rəhbəri Mübariz Mənsimov Suriyaya neft daşınmasında ittiham olunub. Yazıda Türkiyənin “Palmali Maritime Shipping” gəmiçilik şirkətinin idarəçiliyi altında olan tankerlərin 2015-2017-ci illərdə İran neftini Amerika sanksiyalarından yan keçməklə Suriyaya daşıdığı iddia olunub.
Bildirək ki, ABŞ 2018-ci ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
Xəyalə Məmmədova / REDAKTOR.AZ












