Cenevrədə Azərbaycanla bağlı konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə mayın 7-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə transformasiyasına həsr edilən konfrans keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, BMT-nin Baş katibi Antonio Quterreşin yazılı müraciəti ilə başlayan humanitar donor inkişafı və əməkdaşlıqların əhəmiyyəti mövzusunda konfransda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov açılış nitqləri ilə çıxış ediblər.
Konfransda çıxış edən AIDA-nın direktor müavini Aliyə Ağazadə yeni donor ölkəsi olan Azərbaycanın donor fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə yaradılmış agentliyin fəaliyyəti haqqında məlumat verib.
Həmçinin tədbir zamanı Azərbaycan Hökuməti tərəfindən 2005-2018-ci illərdə göstərilmiş yardımlara dair AIDA tərəfindən nəşr olunan broşürün rəsmi təqdimatı keçirilib. Eyni zamanda, ölkəmizin yardım alan ölkədən donor ölkəsinə çevrilməsi haqqında video nümayiş olunub.












