Metro işçilərinin psixoloji vəziyyəti yoxlanılır? - RƏSMİ AÇIQLAMA
Sərnişin sıxlığının yaşandığı pik saatlarda bəzən metro işçilərinin kobud davranışlarıyla qarşılaşırıq.
Metropoliten işçilərinin bəzilərinin bu cür kobud davranış tərzi sərnişinlərin narazılığına səbəb olur.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, metropolitenin bütün əməkdaşlarının psixoloji vəziyyəti yoxlanılır:
“Əməkdaşlarımız işə qəbul edilmədən öncə psixoloji vəziyyətdən davranış qaydalarına qədər, bütün imtahanlardan keçirilir. Biliyi və bacarığı olmayan şəxslər işə qəbul olunmur. Tədris prosesi işə qəbul edildikdən sonra da davamlı şəkildə aparılır. Yəni, bir çox sahələri əhatə edən məşğələ və treninqlər il ərzində bir neçə dəfə təkrarlanır. İşçilərə müntəzəm surətdə davranış qaydaları, xidmət mədəniyyəti ilə bağlı treninqlər keçirilir. Treninqlərə ayrılan vəsait isə illik tədbirlər proqramına əsasən müəyyən edilir”.
Metropoliten rəsmisi sərnişinlərin narazılığı ilə bağlı müraciətlərə operativ şəkildə reaksiya verildiyini qeyd edib:
“Metropoliten rəhbərliyi bu cür halların baş verməməsi üçün müəyyən tədbirlər həyata keçirir. Sərnişinlər hansısa şikayətlə müraciət edirsə, dərhal araşdırılır və müvafiq addımlar atılır. İşçiyə xəbərdarlıq edilməsi və ya işdən çıxarılması ilə bağlı qərar şikayətin məzmununa əsasən müəyyən edilir. Vətəndaşlar şikayətlərlə bağlı istənilən müraciət üçün +994 (12) 490 00 00 telefon nömrəsi ilə əlaqə yarada bilərlər. Bundan əlavə, onlar şikayətlərini elektron şəkildə də edilə bilərlər”.
Qeyd edək ki, ötən ildən etibarən qatarların qəbulu və yola salınması üzrə növbətçi ştatı ləğv edilib. Əvəzində isə Platforma üzrə növbətçi ştatı yaradılıb. Struktur dəyişikliyindən sonra hər stansiyada 3 nəfər işçi çalışır. Ştatın əməkdaşlarının əsas vəzifəsi sərnişinlərin daha sıx olduğu platforma hissələrində nəzarəti həyata keçirməkdir. İşçilər üçün konkret yaş həddi mövcud deyil. Əsas olan peşəkarlıq və davranış qaydalarına düzgün əməl etməkdir.
Gülşən Şərif / Redaktor.az












