Bakının “Qəhrəman şəhər”olmasına kimlər mane olub? - ŞOK FAKTLAR

 15:08 09.05.2019     635

Sözsüz ki, Bakıda ermənilər yaşasaydı, Rusiya çoxdan bu adı Bakıya vermişdi.

Hərbi ekspert Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında Bakıya “Qəhrəman şəhər” adının verilməməsinin səbəblərinə ayrınlıq gətirib. Ü.Cəfərov hesab edir ki, Bakı azərbaycanlılar üçün qəhrəman şəhərdir:

“Dünən Ukryananın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə də bu məsələyə toxundum. Azərbaycanlılar üçün Bakı həqiqətən də qəhrəman şəhərdir. 600 mindən çox Azərbaycan vətəndaşını II Dünya müharibəsinə göndərən, sovet ordusunda hər 10 tankdan 9-nu öz nefti ilə təmin edən bir şəhərin vətəndaşı kimi mən Bakını “Qəhrəman şəhər” sayıram. Biz Bakını yazılarımızda, çıxışlarımızda “Qəhrəman şəhər” kimi təqdim etməliyik”.

Hərbi ekspert Bakıya bu statusun verilməməsinin səbəblərinə aydınlıq gətirib:

“Bunun çox dərin köklü səbəbləri var. Ümumiyyətlə, keçmiş SSRİ zamanında Azərbaycana çox ədalətsiz yanaşma mövcud idi. Paralel olaraq, bir misal çəkim. Tank qoşunları general-mayoru Həzi Aslanov müharibə dövründə Sovet İttifaqı Qəhrəmanı adı almışdı. H.Aslanovun dünyadan köçməsinin müəmması hələ də açılmayıb. Digər bir misal. Azərbaycanın ilk Müdafiə naziri Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlıya qarşı da oxşar münasibət var idi. V.Bərşadlı Azərbaycan vətəndaşlarını 1990-cı il 20 yanvarda qırğına vermiş Sovet İttifaqı Marşalı Dmitri Yazovun qəzəbinə tuş gəlmişdi. Yazov cavan azərbaycanlı zabitin general-leytnant rütbəsinə qədər yüksəlməsini həzm edə bilmirdi və buna görə də, Bərşadlıdan ehtiyat edirdi. Ona görə də, Valeh Bərşadlıya xeyli problemlər yaradırdı. Yəni Bakıya qəhrəman şəhər adının verilməməsinin səbəbi ilə sadaladığım məsələlər arasında birbaşa əlaqə var. Biz Bakıya qəhrəman şəhər statusu vermək üçün kimə müraciət edərdik?!”.

Ü.Cəfərov qeyd edib ki, bu müraciəti etmək üçün birinci növbədə Milli Məclis tərəfindən Azərbaycanda hüquqi baza yaradılmalıdır:

“Bu qanunu işləməklə həqiqətən də Bakının II Dünya müharibəsində misilsiz xidmətlərinin olmasını nümayiş etdirmiş olacağıq. Bu adı yalnız azərbaycanlılar rəsmiləşdirə bilərlər. Bir məsələni qeyd edim ki, Hitlerin Bakıya, Azərbaycana qarşı xüsusi rəğbəti olub. Hətta Hitler ad günü üçün hazırlanmış xüsusi tortun yalnız Bakı, Xəzər dənizi olan hissəni kəsib götürmüşdü. Hitler SSRİ-ni məhv etmək üçün Bakını ələ keçirmək istəyirdi”.

Tarixçi Kərəm Məmmədov da məsələ ilə bağlı saytımıza danışıb. Tarixçi qeyd edib ki,  istər ittifaq miqyasında, istərsə də Azərbaycan müstəqil olandan sonra onun tanınmasına mane olan əsas güclərdən biri haylar- ermənilərdir:

“Aparılan bəzi tədqiqatlardan sonra məlum olur ki, ermənilər nəinki Bakıya "Qəhrəman şəhər" adı verilməsinə mane olub, hətta müharibə dövründə ayrı-ayrı azərbaycanlılara Sovet İttifaqı Qəhrəmanı adı verilməsinin belə qarşısını alıblar. Təsadüfi deyil ki, general-mayor Həzi Aslanovun sirli ölümü, müharibənin gedişində qəhrəmanlıq göstərmiş azərbaycanlıların başına gətirilənlərin müəmması açılmamış qalır. Hələ 70-ci illərdə Bakıya "Qəhrəman şəhər" adı verilməsi ilə bağlı Moskvaya müraciət edilib. Təsəvvür edin ki, 1941-45-ci illərdə cəmi iki şəhərin ətrafında ikiqat hərbi hava hücumundan müdafiə sistemi yaradılmışdı. Bunlardan biri Moskva idi, ikincisi Bakı. İş burasındadır kı, Bakıya niyə görə "Qəhrəman şəhər" adı verilmədiyinin sirri hələ də müəmmalı olaraq qalır. Həmin dövrdə Moskvanı da almanlar işğal etməmişdi, Bakını da. Moskvaya müdafiə oluna bildiyinə görə qəhrəman şəhər adı verildi. Bakıya isə müharibə dövründə Sovet ordusunu neft və neft məhsulları ilə təmin etdiyinə görə bu ad verilməlidir”.

Hərbi-siyasi ekspert Ramil Məmmədli də Redaktor.az-a açıqlamasında məsələyə münasibət bildirib. Hərbi ekspert hesab edir ki, Bakıya “Qəhrəman şəhər” adının verilməsinin kimlər tərəfindən məqsədəuyğun hesab edilməməsi hələ də müəyyənləşdirilməyib:

“Faşist Almaniyasının SSRİ-yə hücumu zamanı Bakı şəhəri arxa cəbhə rolunu oynayıb və ordunun təchizatı üçün səfərbər olunub. Bakıda yerləşən istehsalat müəsisələri, zavodlar və fabriklər ordu üçün silah-sursat, texnika istehsalını həyata keçirib. Bakının neft sənayesi həmin illərdə maksimum həcmdə neft hasil edərək, sovet ordusunun yanacaqla bağlı təlabatını təmin edib. Məhz bu səbəbdən də, hələ sovet dövründə müharibədə qalib gəlməyin səbəblərindən biri kimi Bakının fəaliyyətini qeyd edirdilər. Doğrudur, sovet dövründə Bakıya “Qəhrəman şəhər” adı verilməsi ilə bağlı fikirlər var idi. Amma bunun rəsmi şəkildə SSRİ rəhbərliyinə təqdim olunması ilə bağlı konkret məlumatlar yoxdur”.

Firuzə Vahid / REDAKTOR.AZ 

Vumart və Güvən reklamı Vumart Güvən