Prezident Vaqif Axundova niyə əsəbiləşdi?

 14:00 10.05.2019     4139

“Siyasətçilər gələcək siyasəti, jurnalistlər gələcək nəsilləri düşünürlər”. Bu fikir ulu öndər Heydər Əliyevə məxsusdur...

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Jurnalistlər ulu öndərlə bağlı maraqlı xatirələrini Redaktor.az-la bölüşüblər.

Keçmiş xəbər aparıcısı, hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov açıqlamasında Heydər Əliyevin diqqət və qayğısının heç vaxt unudulmayacağını bildirib:

“1998-ci ildə prezident jurnalisti kimi akkreditə olundum. O vaxtlar mənim kimi gənc jurnalist üçün Heydər Əliyevin görüşlərində, səfərlərində iştirak etmək ağır idi. Biz ardıcıl olaraq müxtəlif nümayəndə heyətləri ilə Heydər Əliyevin görüşlərində iştirak edirdik. Lakin bütün hallarda, biz daim onun xüsusi qayğısını hiss edirdik. Tədbir zamanı Heydər Əliyevin bir baxışından onun deyiləsi sözünün olacağını və ya bəyanat verəcəyini hiss edirdik. Hətta görüşün açıq və ya qapalı olacağını da onun baxışından müəyyən edə bilirdik.

Heydər Əliyev mətbuata böyük diqqət göstərirdi.

Bütün səfərlərdə həm gedəndə, həm qayıdanda onunla ünsiyyətimiz olurdu, sual verirdik. Elə sual verməli idik ki, sanballı olsun. Sualın necə olmasından asılı olmayaraq, daim bütün suallara cavab verirdi. Jurnalistlərə sərbəstlik verir, media və söz azadlığına hörmətlə yanaşırdı. Heç vaxt şahidi olmamışıq ki, görüşlərində, qəbullarında onun qarşısında yazılı məlumat olsun, konspektdən istifadə etsin. Hətta qəbul etdiyi başqa ölkələrin nümayəndələrinə öz ölkələri haqda məlumatlar verirdi. Qarşısındakı adamın, bu məlumatlardan xəbərsiz olduğu belə hiss olunurdu.

 Heydər Əliyev fenomenal yaddaşa və  biliyə malik idi:

Bir dəfə böyük dövlət tədbirində idik.Tədbirin sonunda Heydər Əliyev çıxışı zamanı, mərasimdə ifa olunan əsərlərin birində "xaric" çalınan notla bağlı irad bildirdi. Yəni, ulu öndərin yüksək səviyyədə musiqi duyumu da var idi. Ölkəmizin beynəlxalq aləmdə tanınmasında, Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin misilsiz rolu olub”.

Millət vəkili, Əməkdar jurnalist Elmira Axundova Heydər Əliyevlə bağlı xatirələrinin həddindən artıq çox olduğunu bildirib:

“Onunla 13 il ünsiyyətdə olmuşam. Xarici və ölkədaxili səfərlərində həmişə onu müşayiət etmişəm. Eyni zamanda, ikitərəfli görüşlərdə iştirak edirdim. Heydər Əliyevlə bağlı bütün xatirələrimi  “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik romanımda qələmə almışam. O, çox maraqlı bir insan idi. Onun qeyri-adiliyini  cəsarətində, səbirli olmağında, vətən sevgisində və uzaqgörənliyində görmüşəm. H.Əliyev hər zaman düzgün qərar verərdi. Qərar vermədən öncə xeyli düşünər, götür-qoy edərdi. Qərarını ikinci dəfə dəyişməzdi.

Heydər Əliyevin ən maraqlı cəhəti insanları sona qədər dinləməsi idi

İnsanları dinləməyi çox gözəl bacarırdı. Onunla görüşən hər kəs sonradan dostuna çevrilirdi.  Heydər Əliyevi  sevməyən insanlar da onunla görüşdən sonra dostlaşırdılar. Heydər Əliyev yaradıcı insan idi. Cavanlıqda incəsənətə gəlmək, memar olmaq istəyirdi. Onun yaradıcılıq potensialının əbədi əsəri Azərbaycandır”.

"ASAN xidmət"in mətbuat katibi, jurnalist Elnur Niftəliyev bildirib ki, Heydər Əliyevi daha çox onun haqqında səsləndirilən fikirlər sayəsində tanıyıb:

“2000-ci ildə jurnalistika fakultəsində oxumaqla yanaşı, təcrübə qazanmaq üçün ixtisasım üzrə işləməyə başlamışdım. Düzdür, jurnalist kimi Ulu Öndər Heydər Əliyevlə birbaşa təmaslarım olmayıb. Lakin xatirələrim onun həyatı ilə bağlı çəkdiyim sənədli filmlərlə zəngindir. Heydər Əliyevin həyatından bəhs edən bir neçə sənədli filmin müəllifiyəm. Dünyanın 10 ölkəsində çəkilişləri aparılmış "Ümumbəşər” filmini misal çəkə bilərəm. Bu filmdə müxtəlif ölkələrin keçmiş prezidentləri, Ulu Öndərlə eyni vaxtda fəaliyyət göstərmiş hökumət rəhbərləri, nazirlər, Milli Məclis nümayəndələri və digər şəxslərin xatirələri yer alıb.  Bu filmdən maraqlı bir xatirə yadımda qalıb.  Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku demişdi ki, ölkəmdə müəyyən daxili problemlər yaşananda, ilk olaraq Heydər Əliyevlə məsləhətləşirdim.

Heydər Əliyevin həyatı ilə bağlı “Unudulmaz” sənədli filmim isə onun  ABŞ-ın Ohayo ştatının Klivlend klinikasında müalicə aldığı dövrdən bəhs edir. Ekran əsərində çox qiymətli və nadir arxiv kadrlarından istifadə edilib. Filmdə Klinikanın beynəlxalq şöbəsinin müdiri Nizar Zeyn, həkim-cərrahlar Murad Tuzçu, Bruys Laytlin Heydər Əliyevlə bağlı xatirələrinə yer verilib. Bruys Laytlin bildirmişdi ki, Corc Vaşinqton Amerika üçün kimdirsə, Heydər Əliyev də Azərbaycan üçün o cür qüdrətli şəxsiyyətdir”.

Jurnalist Elçin Əlibəyli isə ulu öndərlə bağlı bildirib ki, Heydər Əliyev öz ömrünü yaşamadı, Azərbaycan ömrü yaşadı:

“Onu yaxından görüb, iki dəfə ünvanlı sözünü eşitmişəm. Biri uzaq və qarışıq 1993-cü ilin sentyabrın sonu, digəri 1998-ci ilin eyni vaxtı idi. Hər iki yaxın görüşdə mən bir lider gördüm-özünə, gücünə, müdrikliyinə tam inanan, sarsılmaz və bir də xalqı yaxşı tanıyan ŞƏXSİYYƏT! Son anını belə Vətənimizin dirçəlişinə həsr etdi. Azərbaycan da bir ömür boyu bu adı yaşadacaq!”.

Redaktor.az saytının baş redaktoru Eldəniz Vəliyev isə Heydər Əliyevlə bağlı bir xatirəsini bölüşüb:

"Naxçıvanın 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün, prezidentlə bir təyyarədə Muxtar respublikaya ezam olunmuşdum. Hər gün səhər Əliyevi bacısı evinin qarşısında gözləyir, gün ərzində keçirdiyi görüşlərdən, tədbirlərdən materiallar hazırlayırdıq. Səfərin 3-cü günü idi. Saat təxminən 15:00-radələrində prezident üçün təşkil olunan ziyafət məkanına gəldik. Bərk yorğun və ac idik. Səhər yediyimizin üstündə idik. Cavan olmağımıza baxmayaraq, bizdən fərqli olaraq Əliyevdə bu yorğunluq hiss olunmurdu. Xülasə, prezident, arxasıyca məmurlar zala daxil oldular. Sonda gələn jurnalistlərin qarşısı isə kəsildi. Heydər Əliyev arxaya baxmırdı, amma bizi gördü... Vaqif Axundovu yanına çağırıb jurnalistlərin yemək mərasiminə buraxılmamasının səbəbini soruşdu. Əli ilə də bizi yanına çağırdı. Təxminən belə bir dialoq alındı:

- Vaqif, niyə jurnalistlərin içəri daxil olmasına imkan verilmədi?

- Cənab prezident, onlar üçün başqa bir yer hazırlanacaq.

- Xəbərin varmı, saatdan? Onlar bütün günü ayaq üstədirlər.

- Cənab prezident...

- Nə Cənab prezident?! Əgər onlar olmasaydı, kimin mənim bu səfərimdən xəbəri olacaqdı, kim işıqlandıracaqdı, görülən bu işləri?

- Bəli, cənab prezident.

- Yarım saat vaxt verirəm, ən yüksək səviyyədə bunlara qulluğ olunsun!

- Baş üstə, cənab prezident!

Təbii ki, prezidentin tapşırdığı kimi də oldu. Təsəvvür etmədiyimiz bir səviyyədə qulluq olundu. Burada Axundovun xüsusi nəzarətini də qeyd etməmək qətiyyən olmaz.

Prezident bizə baxmadan, bizi görmüşdü..."

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən