Heydər Əliyevə ən sadiq KİMLƏR İDİ?

 15:38 10.05.2019     2618

Ümumilli lider Heydər Əliyevin idarəetmə prinsiplərindən biri məmurlarla sıx əlaqədə olmaq, onlardan verilən tapşırıqların nəticəsi barədə hesabat tələb etmək idi. O, postundan asılı olmayaraq, istənilən məmurun təklifini dinləyir, dərhal reaksiya verirdi. Məhz Heydər Əliyevin tələbkarlığı bütün dövlət strukturlarının yüksək səviyyədə fəaliyyət göstərməsinə səbəb olurdu. Lakin bəzi məmurlar öz fəaliyyəti ilə daha çox ön plana çıxaraq, prezidentə sadiqliyini nümayiş etdirməyə çalışırdı.

Maraqlıdır, görəsən uzun illərdir media sahəsində çalışan jurnalistlər, bu mənada hansı şəxsləri Ulu Öndərə ən sadiq məmur, səlahiyyətli şəxs hesab edirlər?

Tanınmış televiziyaçı Qulu Məhərrəmli Redaktor.az-a açıqlamasında bildirib ki, sədaqət anlayışı bir az dar mənada işlənilir:

“O dövrdə müşahidə etdiklərim əsasında deyə bilərəm ki, Heydər Əliyevin ətrafında olan insanlardan ona ən sadiq olanları Bəylər Əyyubov və Vaqif Axundov idi. Onlar həm bir insan kimi, həm də Azərbaycan Respublikasının başçısı kimi Heydər Əliyevə xüsusi münasibətləri ilə seçilirdilər. Biz xarici səfərlərdə dəfələrlə Heydər Əliyevi müşayiət etmişik. Bu zaman adını çəkdiyim şəxslərin Heydər Əliyevə xüsusi sevgisini, məhəbbətini hiss edirdim. Ulu öndər dünyadan köçəndən sonra da o şəxslər həm Heydər Əliyevin ideyalarına, həm də onun ruhuna, şəxsiyyətinə sadiq qalmağı bacarıblar. Vəzifədə olan nazir, deputat, məmurların sədaqətinin ölçüsünü müəyyənləşdirmək olmur”.

Tanınmış jurnalist İlqar Rəsul da məsələ ilə bağlı saytımıza danışıb. İlqar Rəsul bildirib ki, bu xüsusda çoxlarının adını çəkmək olar:

“Amma Qaçqınkomun keçmiş sədri Əli Həsənovun sadiqliyinin şəxsən şahidi olmuşam. Heydər Əliyevin vəfatından sonrakı günlər idi. Haqqında çoxlu yazılar yazılırdı. Tanış jurnalistlərlə “əslində belə adamlar haqqında necə yazılmalıdı” mövzuda bir söhbətimiz oldu. Nümunə üçün mən də bir yazı yazdım. Üstündən xeyli vaxt keçmişdi. Bir gün telefonuma zəng gəldi. Əli Həsənovun köməkçisi idi. Dedi, “Əli müəllim sizinlə danışmaq istəyir”.

Onunla heç bir əlaqəm, tanışlığım yox idi. Həmin yazını oxuyub, mənimlə danışmaq istəyibmiş. O gün Əli Həsənov bir saata yaxın həmin yazı və Heydər Əliyev barədə danışdı mənimlə. Adamın yazıya laqeyd qala bilməməsi və üstəlik də işin ortasında telefon açıb o qədər vaxt sərf eləməsi düzü mənə təəccüblü gəldi. Amma səmimi idi. Çünki yalandan, özünü göstərmək üçün elə heyranlıqla danışmaq olmazdı. O vaxt nə Əli Həsənovun mənə ehtiyacı var idi ki, deyəm, yerini şirin salır, nə də bu, aşkarda olan söhbət idi ki, bir məmurun publikaya hesablanmş addımı kimi dəyərləndirə biləm. Onda mən anladım ki, bu adam Heydər Əliyevə həqiqətən də çox sadiq biridir”.

Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu hesab edir ki, Heydər Əliyevə ən yaxın, sadiq şəxs Eldar Namazov olub:

“Düz qapısının ağzında otururdu. Biz, həmin kabinetdə Eldar müəllimdən müsahibə də götürmüşdük”.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Redaktor.az-a açıqlamasında bildirib ki, Heydər Əliyevə sədaqətlə xidmət edən yüksək çinli vəzifə tutan məmurlardan birincisi Ramiz Mehdiyevdir:

“Ramiz Mehdiyev uzun müddət Heydər Əliyevlə birlikdə həm sovetlər dönəmində, həm də müstəqillik illərində çalışıb. Şübhəsiz ki, o, sadiq olmasaydı, Heydər Əliyev ona etibar etməsəydi, Mehdiyev vəzifədə qala bilməzdi”.

Firuzə Vahid / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən