Sabiq nazir niyə Heydər Əliyevdən üzr istəmişdi?
"Heydər Əliyev hər şeyi görürdü".
Sabiq Maliyyə naziri Fikrət Yusifov ümumilli lider Heydər Əliyevlə bağlı xatirəsini Redaktor.az-a danışıb.

“İşğal altında olan rayonlarımızın işğalının ildönümü münasibətilə indiki Heydər Əliyev sarayında Ulu öndərin iştirakı ilə rayon sakinləri ilə görüş keçirilirdi. Toplantıya üzrlü səbəbdən qatılmamışdım. Orada çıxış edənlərdən biri qaçqınlara verilən çörək pulunun artırılması ilə bağlı təklif irəli sürdü və Heydər Əliyev bu məsələnin həll ediləcəyi barəsində elə ordaca tapşırıq verdi.
Ertəsi gün mənə zəng etdi:
- Sən dünənki tədbirdə iştirak edirdinmi?
- Bəli, cənab Prezident, iştirak edirdim.
- Onda qaçqınların qaldırdığı məsələni araşdırıb, mənə bununla bağlı təklif verin.
- Oldu, cənab prezident.
Lakin dəstəyi asdıqdan sonra, bir an içərisində yadıma düşdü ki, mən o görüşə öz iş otağımda, canlı yayımla baxmışam və bu təklifi oradan eşitmişəm. Səhvimi etiraf etmək və üzr istəmək üçün onun birbaşa telefonuna zəng etdim. O, dəstəyi qaldıranda dedim ki, cənab Prezident sizinlə danışanda mən bir anlıq unutdum ki, o görüşdə olmamışam, sadəcə canlı olaraq baxıb, qaldırılan məsələni eşitmişəm. Bu zaman ulu öndər mənə bu cür halların ola biləcəyini söylədi və əlavə etdi ki, “Mən səni dünən orada görə bilmədim”. O sarayın səhnəsində oturub, salonda olan hər kəsi oradan görə bilmək fitri istedaddır. Bu praktiki olaraq mümkün deyil. Ancaq Heydər Əliyev hər şeyi görürdü”.
Firuzə Vahid / REDAKTOR.AZ












