"Bu ay 4 nəfəri ilan sancıb" - Təhlükə zamanı nə edək? / AÇIQLAMA

 14:12 13.05.2019     483

Havalar isindikcə ilan sancması halları da artır.

Bu il də ilan sacmaları ilə bağlı xəstəxanaya müraciət edənlər olub. Lakin müraciət edənlərin sayında hələlik artım hiss olunmur.

Bunu Redaktor.az-a açıqlamasında 1 saylı Şəhər Xəstəxanasının Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, bu il may ayına qədər 6 nəfər ilan sancması ilə bağlı xəstəxanaya müraciət edib:

"Onlardan ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti orta-ağır olub. Digər iki nəfər isə uşaq olub. Xəstələrin hər birinə zərdab vurulub və müayinədən keçirilib. Səhhətləri ilə bağlı hansısa ciddi problem olmadığına görə  evə buraxılıblar. Hələlik ilan sancmasından ölüm halı qeydə alınmayıb. Bu ay isə 1-i uşaq, 3-ü böyük olmaqla, cəmi 4 nəfərin müraciəti qeydə alınıb. Həmin 3 nəfər müvafiq tədbirlərdən sonra evə buraxılıb. Uşaq isə hazırda xəstəxanadadır. Vəziyyəti yaxşılığa doğru gedir”.

Şöbə rəhbəri bildirib ki, ilan sancan şəxsin xəstəxanada qalacağı müddət yaş faktorundan asılıdır:

“İlan sancan şəxs 1 həftə ərzində tam yaxşılaşa bilər. Bəzən isə bu müddət 3 həftə və ya 1 aya qədər davam edə bilər. Burada yaş faktoru və ilanın sancdığı nahiyyənin rolu böyükdür”.

İlan sancması zamanı ilkin addım olaraq, həmin nahiyyəyə yod məhlulu vurmaq olar:

“İlan sancması insan ölümünə səbəb ola bilər. Xüsusən də gürzə zəhəri çox təhlükəlidir. Bu zəhər bir müddət sonra qanda parçalanmaya səbəb olur. İlan sancan kimi yeri qızarıb şişməyə başlayırsa, bu, ilanın zəhərli olduğu mənasını verir. Zəhərli ilan sancan zaman bir neçə dəqiqə ərzində yerində qızartı, şişkinlik və ağrı olur. Dişlənilən yerdə içi qanlı və ya maye dolu kisələr, dəri altında qanaxmalar meydana gəlir. Ürək bulanması, qusma ilə yanaşı, müxtəlif orqanlarda qanaxma müşahidə edilə bilər. Zəhərin bədənə yayılmaması üçün ilan sancanı hərəkət etdirmək olmaz. Əsasən ilan sancan adamda ürək bulanması, qusma, tərləmə, huşunu itirmə, təzyiqin qalxması, həddən artıq tüpürcək ifrazatı, danışma çətinliyi, görmə pozuntusu, əzələ səyirməsi, burun qanaması və s. əlamətlər özünü biruzə verə bilər. İlanın sancdığı nahiyyənin hərəkətsiz saxlanılmasına çalışmaq lazımdır”.

 Baş toksikoloq onu da qeyd edib ki, mayın sonlarından başlayaraq müraciətlərin artacağı gözlənilir.

Gülşən Şərif / Redaktor.az