“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Neftçala və Salyanda

 17:27 13.05.2019     247

Ölkə vətəndaşlarının mülkiyyət hüquqlarını rahat formada həyata keçirməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edir.

Redaktor.az bildirir ki, sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır. Xidmətlərin birbaşa kənd və qəsəbələrə gətirilməsi ilə sakinlər əlavə məsafə qət etmədən qeydiyyat üçün müraciət edir. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha da optimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqli ərazilərdə keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarının 5 kəndini əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 13 may Neftçala rayonu, Xolqarabucaq, 14 may Aşağı Qaramanlı kəndlərində, 15 may Salyan rayonunun Arbatan, 16 may Marışlı, 17 may Seyid Sadıxlı kəndlərində keçiriləcək. Sakinlər fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər.

Qeyd edək ki, səyyar ofisdə xidmətlər 09:00-dan 17:00-dək göstəriləcək.

Sosial kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər ilə bağlı vətəndaşlar maarifləndirilir. Belə ki, sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, eyni zamanda xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.