“Satılır” sözünə görə sürücülər cərimələnəcək? - Rəsmi açıqlama
Avtomobilində “Satılır” elanı yerləşdirən sürücülərin cərimələnəcəyi ilə bağlı mediada son günlər məlumat dərc olunur.
Lakin ekspertlər bu məlumatların həqiqətə uyğun olmadığını bildirirlər.
Məsələylə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, “Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydasındakı dəyişikliklə bağlı yayılan məlumat yalandır:
"Yayılan məlumatla bağlı DYP tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Avtomobilə “Satılır” və ya “Satıram” kimi elanı yerləşdirməklə bağlı hər hansı qadağa yoxdur. A4 formatda avtomobilin şüşəsinə yapışdırılan elanlar reklam xarakterli məlumat sayılmır”.
Məlum informasiyada adı hallanan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə vurğulayıb ki, son bir ildə bu haqda heç bir media qurumuna açıqlama verməyib:
“Yayılan məlumatla bağlı heç bir açıqlamam olmayıb. Adımdan yalan məlumat yayılıb. Bu, doğru addım deyil. “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur”.
Gülşən Şərif / Redaktor.az












