Müddətsiz lisenziyaların verilməsi ilə bağlı iddialara MTRŞ-dan MÜNASİBƏT

 19:24 13.05.2019     284

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımçılarına müddətsiz lisenziyaların verilməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Redaktor.az ONA-ya istinadən bildirir ki, MTRŞ-nin şöbə müdiri Nemət Cavadov qeyd edib ki, “Lisenziyalar və icazələr haqqında” qanunun 22.1 maddəsinə əsasən lisenziyalar, bu qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla müddətsiz verilir.

“Azərbaycan qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Həmin qanunun 1-ci maddəsində lisenziyaların və icazələrin anlayışları göstərilib. Yəni, lisenziyalar mobil yayım istisna olmaqla birmənalı olaraq müddətsiz verilir. İcazələr isə qanunlarda başqa müddət müəyyən edilməyibsə müddətsiz təqdim edilir. Teleradio yayımı fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aid olduğundan qanunun 22.1-ci maddəsinə əsasən bu sahədə lisenziyalar müddətsiz verilir. Eyni zamanda, bildirmək istərdim ki, “Lisenziyalar və icazələr haqqında” qanun 15 mart 2016-cı il tarixində qəbul edilib. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi aktla münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir”, - N. Cavadov qeyd edib.

Qeyd edək ki, qanunların MTRŞ-ya teleradio yayımçılarına müddətsiz lisenziya vermə hüququnun olmadığı iddia edilib.