Bakıda ticarət mərkəzində baş verən YANĞIN - SÖNDÜRÜLÜB / YENİLƏNİB
"Zagulba Mall" ticarət mərkəzindəki yanğın söndürülüb.
Redaktor.az ONA-ya istinadən xəbər verir ki,bu barədə FHN-in rəsmiləri bildirib.
"Təxminən 100-120 kv/m sahəni əhatə edən yanğın tam söndürülüb. Binanın zirzəmisində havalandırma sistemi olmadığından burada qalan tüstü açıq qapılardan və nəfəsliklərdən bayıra çıxır", - məlumatda belə deyilir.
***
Bakıda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Zagulba Mall" üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verib. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. 4 nəfər hospitalizasiya edilib. 3 nəfər - 2 qadın, 1 kişi taksikologiyaya, digər bir qadın isə qıcolma ilə 26 BŞX-ya (26 saylı Birləşmiş Şəhər Xəstəxanası) yerləşdirilib. Bir neçə nəfərə isə yerində yardım göstərilib.
***
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur).
Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.
Xəyalə Məmmədova / REDAKTOR.AZ












