Anti-azərbaycan ruporlarının dəyirmanına su tökürlər - Jurnalistlər YALAN QADAĞA xəbərindən danışdı

 17:16 21.05.2019     468

Bu gün mediada UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların hərəkətinə məhdudiyyət qoyulacağı ilə bağlı xəbərlər yayılıb.

Bu məlumat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tanınmış jurnalist İlqar Rəsul Redaktor.az-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlər zamanı qısamüddətli məhdudiyyətlərin yaranması normal haldır:

“Beynəlxalq tədbirlər çərçivəsində müəyyən məhdudiyyətlərin olması mümkündür. Sadəcə ölkəmizdə beynəlxalq olmayan tədbirlər zamanı bu proseslər plansız şəkildə görülür. Adi kanalizasiya sistemlərinin dəyişdirilməsi belə pərakəndə aparılır. Halbuki, işlərin düzgün planlaşdırılması fonunda məhdudiyyətə ehtiyac qalmır. Bu baxımdan gediş-gəlişə qoyulan məhdudiyyət vətəndaşlarda qıcıq yaradır. Bu qıcıq beynəlxalq tədbirlər baş verəndə də gündəmə gəlir. Əslində,Azərbaycan üçün alınan beynəlxalq tədbirlərdə gediş-gəliş üçün  məhdudiyyətlərin yaranması adi haldır. Çünki bu tədbirlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, diqqətin ölkəmizə yönəlməsi baxımından kifayət qədər böyük təsirə malikdir. Bir nüansı da nəzərə alaq ki, bu məhdudiyyətlər uzunmüddətli olmur”.

Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu nəinki tədbir, adi günlərdə də əhalinin sıx olduğu ərazilərdə tez-tez ola bilmədiyini vurğulayıb:

“Düzünü desəm, bəzən aylarla“Torqovı”ya getmirəm. Ona görə də həmin ərazidə nəzərdə tutulan fəaliyyət gündəlik həyatıma az təsir edir”.

“Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgər isə sosial şəbəkədəki paylaşımında nəzərdə tutulan məhdudiyyəti sərt tənqid edib:

“Bu günə qədərki rəsmi təbliğat və gerçəklik ondan ibarətdir ki, Bakı təhlükəsiz şəhərdir. Turistlərin Bakıya axınında başlıca səbəb məhz bu təhlükəsizlik amilidir. Digər səbəblər candan sonra gəlir. Şəhərin mərkəzini sırf ingilis azarkeşlərinə görə boşaltmaq, mərkəzdə gəzintini qadağan etmək “The Guardian” kimi anti-azərbaycan ruporlarının dəyirmanına su tökmək, bu ölkənin vətəndaşlarına həqarətdir. Bu günə qədər ölkəyə kimlər gəlməyib? Otel otağında həyəcandan o dünyalıq olanlardan başqa bir turistin burnu qanayıbmı? Başqa ölkələrdə, elə İngiltərədə olduğu kimi turistə ikinci sort kimi baxılıbmı? Xeyr!  O zaman bu əndərabadi qərarla niyə anti-azərbaycan qüvvələrin ölkəmiz əleyhinə təbliğatını dəstəkləyirsiniz? Dərdiniz nədir? İndi də bu absurd qərara qarşı çıxanların qanını yoxladacaqsınız? Cənablar, bu milləti sevin!  Vallah sizin hər şıltaqlığınıza dözürsə, bu milləti baştacı edin. Cənab Prezidentdən örnək götürün. Onun kimi, Mehriban xanım kimi xalqa yaxın olmağa çalışın. Baryerlərlə xalqı namərd körpüsünə möhtac qoymayın. Bu ölkənin başına qara bulud gəlsə, siz qaçacaq, Prezidentin ətrafında isə o “Torqovı”ya buraxmadığınız insanlar qalacaq. Onun üçün insanları küsdürməyin. Sizin bu münasibətiniz dövlətə zərər vurur".

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmaması məlumatının həqiqətə uyğun olmadığını bildirib. İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək.

Gülşən Şərif / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən